Məzahir Əfəndiyev: “Böyük Sülh Sazişinin imzalanması Cənubi Qafqazda firavan gələcəyi təmin edəcək”

Müharibə


“Heç kəsə sirr deyil ki, Ermənistan dövləti 30 ilə yaxın bir müddətdə dünya ictimaiyyətinin gözü qarşısında öz təcavüzkar siyasətini həyata keçirib, Azərbaycan xalqı erməni millətçiləri tərəfindən soyqırımı və etnik təmizləmələrə məruz qalıb”.

Bu sözləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Məzahir Əfəndiyev deyib.

O bildirib ki, Azərbaycan 2020-ci ildə, Vətən müharibəsindən sonra regionda yeni reallıqların yaradılmasında öz imkanlarını səfərbər edərək iştirak etdi və bu gün Cənubi Qafqazda davamlı sülhün təmin olunması, habelə postmüharibə dövrünün mükəmməl idarə olunması istiqamətində əməli fəaliyyət göstərir:

“Qazanılan Zəfər təkcə silahın gücü deyil, ölkə başçısının, xalqın liderinin milli maraqlarımıza söykənən müstəqil siyasətinin, beynəlxalq arenada yüksək nüfuzunun məntiqi nəticəsi idi.

Prezident İlham Əliyevin əməli addımları, dünyanın nüfuzlu telekanallarına müsahibələrində Azərbaycanla bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə onların başa düşəcəyi dildə çox böyük qətiyyətlə çatdırması əlbəttə ki, qlobal auditoriyanın diqqətindən kənarda qalmır.

Bu gün 10 noyabr tarixli üçtərəfli Bəyanatın imzalanmasından üç ilə yaxın bir vaxtın keçməyinə baxmayaraq, Ermənistan tərəfi ilə Böyük Sülh Sazişinin imzalanmasının uzanması artıq beynəlxalq münasibətlər, o cümlədən qlobal informasiya təbliğatında Azərbaycanın ardıcıl və daha böyük işlər görməsini diktə edir.

22 iyul 2023-cü il tarixində Prezident İlham Əliyevin Avropanın ən böyük telekanallarınadan olan, çoxmilyonluq auditoriyaya sahib “Euronews”a verdiyi müsahibə son zamanlarda istər Ermənistan rəhbərliyi, istərsə də qərb dövlətlərinin nümayəndələri tərəfindən səsləndirilən qeyri-adekvat açıqlamalara tutarlı cavab oldu. Bu müsahibənin məhz mədəniyyət paytaxtımız Şuşa şəhərində baş tutması demək olar ki, xüsusi əhəmiyyət kəsb etdi.

Ölkə başçısı bu platformadan məharətlə istifadə edərək həm bu gün Laçın sərhəd-keçid məntəqəsinin Azərbaycanın nəzarəti altında fəaliyyətinə aydınlıq gətirdi, Qarabağda yaşayan ermənilərin blokadaya alınması ilə bağlı yalanları ifşa etdi, eyni zamanda müharibədən sonra işğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işlərinin, Azərbaycanın atdığı hər bir addımın bütün regionda, dünyada sülhün əldə olunmasına xidmət etdiyini bir daha bəyan etdi”.

Məzahir Əfəndiyev Azərbaycanın enerji potensialını Cənubi Qafqazda sülhün əldə olunmasında məharətlə istifadə etdiyini qeyd edib:

“Cənab Prezident qonşularımızla formalaşan münasibətlərə də toxunaraq hələ ki, yek və ilk olaraq imzalanmış atəşkəs sazişinin, yəni 2020-ci il 10 noyabr tarixli Bəyanatın vasitəçisi Rusiya Federasiyasının Cənubi Qafqazda sülhün təmin olunmasında rolundan, məhz Rusiya-Ukrayna müharibəsindən sonra Birləşmiş Ştatlar və Avropa İttifaqının fəallaşdığını qeyd etdi.

Eyni zamanda həmin müharibə fonunda Azərbaycanın Avropanın mühüm qaz təchizatçısına çevrildiyi də xüsusi vurğulanıb. Nəzərə alsaq ki, Azərbaycan enerji potensialını Cənubi Qafqazda sülhün əldə olunması üçün hər bir platformada alət olaraq məharətlə istifadə edir, Prezident İlham Əliyevin bu mövzuya diqqət yetirməsi hesab edirəm ki, Azərbaycana qarşı bu gün başda Fransa olmaqla, digər qərb dövlətləri tərəfindən nümayişkaranə olaraq göstərilən qərəzli mövqelərin qarşısının alınması üçün çox böyük addım, lazımlı cavab idi.

Prezident İlham Əliyev hər zaman olduğu kimi, bu dəfə də “Euronews” televiziya kanalı vasitəsilə Avropanın siyasi dairələrinə, eləcə də Avropa ictimaiyyətinə çox səlis və düzgün formada bugünkü Azərbaycanın və bütövlükdə regionun reallığını əks etdirən mövqeyini ortaya qoydu.

Müsahibə zamanı səsləndirilən xüsusi məsələlərdən biri də artıq sülhün əldə olunması üçün heç bir tərəfin bəhanəsinin qalmaması və hal-hazırda Xankəndi və ətraf rayonlarda məskunlaşan ermənilərin onlara təqdim olunan bu tarixi şansı əldən qaçırmamaları ilə bağlı idi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Qarabağ erməniləri başa düşməlidirlər ki, təhlükəsizlik təminatları, hüquqlarının, o cümlədən təhsil, mədəniyyət, dini, bələdiyyə hüquqlarının təmin edilməsi ilə Azərbaycan cəmiyyətinin bir hissəsi olaraq onlar normal həyat yaşayacaqlar”.

Beləliklə, əminliklə deyə bilərik ki, Böyük Sülh Sazişinin imzalanması Cənubi Qafqaz regionunun bütün subyektləri üçün həm geosiyasi, həm də geoiqtisadi baxımdan daha əlverişli şərait yaradacaq, burada yaşayan bütün xalqlar üçün rifah içində firavan gələcəyi təmin edəcəkdir”.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir