Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı nəticəsində ordunun maddi-texniki təminatı yüksək səviyyədə təşkil olunub.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Ən son texnologiyaya əsaslanan avadanlıqlarla təchiz olunmuş qazanxanalar sayəsində şəxsi heyət daimi isti su ilə, eləcə də camaşırxanalarda quraşdırılan paltaryuyan və quruducu maşınlar vasitəsilə istənilən vaxt təmiz paltar və yataq dəstləri ilə təmin edilir.
Şəxsi heyətin düzgün və keyfiyyətli qidalanması ən vacib məsələlərdən biridir. Bunun üçün hərbi hissələrin yeməkxanalarında hər bir şərait yaradılıb. Hərbi hissələrə gətirilən təzə və keyfiyyətli ərzaq məhsulları soyuducu kameralarda saxlanılır. Şəxsi heyət üçün normaya uyğun olaraq gündə üç dəfə yemək hazırlanır. Menyuda milli mətbəximiz üstünlük təşkil edir.
Müdafiə Nazirliyi rəhbərliyinin qış dövrünə hazırlıqla bağlı müvafiq tapşırıqlarına əsasən, xüsusilə hərbi hissələrin sərt iqlim və kəskin relyefli ərazilərdə yerləşmə məntəqələrində bütün növ təminat vasitələri, o cümlədən ərzaq, əşya, döyüş sursatı və yanacaq-sürtkü materialları üzrə ehtiyat yaradılır.
Hərbi qulluqçuların xidməti-döyüş fəaliyyətinin yüksək səviyyədə təşkili və aparılması üçün zəruri olan təminat məsələləri daima diqqət mərkəzində saxlanılır.
www.RIA24.az