Qərbi Azərbaycan XRONİKASI: Erməni tarixçi Amağu soyqırımı ilə bağlı faktları açıqladı – VİDEO

Müharibə


Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Erməni tarixçi Zəngəzur hadisələrinin gerçək üzünü etiraf edir” adlı veriliş efirə gedib.

Verilişdə Ermənistanda tanınan tarixçi, Qafan Geologiya Muzeyinin direktoru, Əməkdar mədəniyyət xadimi və etnoqraf Qrişa Smbatyanın “Syunyats Erkir” (“Sünik ölkəsi”) qəzetinin 10 sentyabr 2008-ci il tarixli sayında “Qafanda azərbaycanlılar” adlı yazısından bəhs olunur.

Bildirilir ki, ənənəvi saxta erməni tarixçiliyinin irsini davam etdirən Smbatyan məqaləsində Qafanda ermənilərin törətdiklərini ifşa edən məqamları üzə çıxarır, bizim üçün acı olan gerçəyi ermənilərin üzünə vurur.

Müəllif Njdenin 1918-1921 illər illərdə törətdiyi cinayətin detallarını açıqlayır, azərbaycanlılarla ermənilərin birgə yaşayışı, seçki hüququndan məhrum olunması, Qaçaq Nəbi ilə birgə mübarizə, 37-ci il də bir-birini müdafiə etməsini xüsusi vurğulayır.

Q.Smbatyan yazısında Qafanda Bakıdan gələn bir təşkilatın olduğunu, Zəngəzuru Azərbaycana birləşdirmək üçün hazırlıq işləri gördüyünü və hətta kəndlərdən ildə 30 rubl üzvlük haqqı yığılmasını söyləyir, Qafanda Azərbaycan icmasının böyüməsi, təbii artımla erməniləri üstələməsini qeyd edir.

Tarixçi 1988-ci il azərbaycanlıların qovulmasına yumşaq toxunaraq yazır ki, Qafandan azərbaycanlıların kütləvi axını 1988-ci ilin noyabrında və dekabrın əvvəllərində baş verdi və onlar getmək istəmirdi, qocalar müqavimət göstərirdilər.

Verilişdə diqqətə çatdırılır ki, Əməkdar mədəniyyət işçisinin erməniləri təmizə çıxarmaq və Azərbaycan türklərinin Qafanda yaşam tərzinin yaxşı olduğunu qeyd etmək niyyəti ilə yazılan yazıda 1918-21-ci illərdə Qaregin Njde və onun silahlı dəstəsinin törətdiyi qətliamın ifşası baxımından şahidin dili ilə qələmə alması əhəmiyyətlidir. Gerçəyi danmağa alışan erməni tarixçilərindən fərqli olaraq Qrişa Smbatyan qırğının canlı şahidi Təbərrik xaladan gətirdiyi sitatla Zəngəzur hadisələrinin gerçək üzünü etiraf edir. Tarixçi Ermənistan SSR-də azərbaycanlılara qarşı aparılan mədəni terror və gizli etnik təmizlənmə siyasətini ifşa edir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir