Xocavənddə improvizə olunmuş partlayıcı qurğular aşkarlanıb – FOTO

Müharibə


Azərbaycanın Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra edilən minatəmizləmə əməliyyatları zamanı Xocavənd rayonunun Bulutan kəndi ərazisində tərk edilmiş yaşayış evlərində əldəqayırma (improvizə edilmiş) partlayıcı qurğular aşkarlanıb.

Bu barədə ANAMA məlumat yayıb.

Bildirilib ki, bir yaşayış evinə bitişik təsərrüfat tikilisində odun qalağının arasında bir ədəd “PQ-7L” raketinin döyüş başlığı, üzərinə qəlpə köynəyi qismində atıcı silah patronlarının yapışqan lent vasitəsilə bağlanması və əl qumbarası partladıcısının təzyiqdən boşalma prinsipi ilə quraşdırılması ilə hazırlanmış sürpriz partlayıcı qurğu tapılıb.

Eyni zamanda, bir evin qarşısında altına bağlamada “F-1” modelli əl qumbaraları yerləşdirilmiş “PMN-Э” minası, bir məhəlləarası keçiddəki çoxillik ağacın koğuşunda dəmir qutunun içərisinə kustar üsulla hazırlanmış, geniş radiusda qəlpələnmə yaradılması məqsədilə mismarlarla gücləndirilmiş, MUV tipli partladıcı ilə təchiz edilmiş üç ədəd bir-birinə bağlı “VOQ-17” silah qumbarasından ibarət əldəqayırma partlayıcı qurğu aşkar edilib. Əlavə olaraq, bir həyətdəki təndirxananın girişinin üstündə plastik boruda gizlədilmiş MUV tipli partladıcı ilə quraşdırılmış “RQ-42” əl qumbarası ilə “POMZ-2M” minasının birləşdirilməsindən hazırlanmış tələ qurğu, habelə kəndarası əsas yol yaxınlığındakı bir ot damında tələ məftilinin bir ucu götürülərkən minanı işə salması üçün dəmir yanacaq qabına bağlanmış halda “OZM-72” modelli tullanaraq havada qəlpələnən piyada əleyhinə mina aşkarlanıb.

Qeyd olunur ki, əvvəllər bu ərazilərdə etnik erməni əhalisi məskunlaşıb. Aşkar olunan tələ minalar ərazini tərk edərkən bu yerlərdə qəsdən yerləşdirilib.

İşğaldan azad edilmiş ərazilərdə agentlik tərəfindən aparılan davamlı qeyri-texniki və texniki tədqiqat, eləcə də minatəmizləmə əməliyyatları nəticəsində keçmiş təmas xətti ərazilərindən kənardakı mülki təyinatlı sahələrin ciddi şəkildə minalanması müəyyən olunub.

Düşmən tərəfindən məhz mülki təyinatlı ərazilərdə quraşdırılmış, sürpriz formaya salınmış bu kimi qurğular yüksək və ölümcül partlayış törətmək məqsədi daşıyaraq dinc əhaliyə qarşı hədəflənmiş terrordur.

Belə ki, müharibədən sonrakı dövr ərzində keçmiş təmas xəttindən kənar yerləşən ərazilərdə baş verən mina hadisələri zamanı 217 vətəndaşımız mina qurbanına çevrilib. Laçın rayonunun Suarası, Güləbird kəndləri, Şuşa rayonunun Daşaltı, Cəbrayıl rayonunun Nüzgar, Mehdili, Zəngilan rayonunun Bartaz, Xocalı rayonunun Sığnaq, Qubadlı rayonunun Xanlıq kəndi, Ağdam rayonunun Yusifcanlı, Şahbulaq, Tərtər rayonunun Suqovuşan, Füzuli rayonunun Yuxarı Veysəlli, Yağlıvənd kəndlərində baş vermiş mina hadisələri əvvəllər təmas xətti deyilən ərazilərdən kənarda baş verib.

İşğaldan azad edilmiş ərazilərin kütləvi şəkildə minalarla çirkləndirilməsi, ölümcül partlayış törətmək məqsədilə sürpriz minaların aşkar olunması icra edilən genişmiqyaslı bərpa və yenidənqurma planlarının həyata keçirilməsi, keçmiş məcburi köçkünlərin geri qayıdışına ciddi şəkildə maneə yaradır.

Bütün bu kimi faktlar bir daha Ermənistanın mülki əhaliyə qarşı məkrli niyyətinin göstəricisi, insanlıq əleyhinə törədilən cinayətidir.

ANAMA bir daha vətəndaşlara müraciət edərək bildirir ki, bələd olmadıqları ərazilərə daxil olmasınlar, şübhəli əşyalara toxunmasınlar.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir