Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan vətəndaşların qəbuluna başlanılır.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidmətini başa vurmuş, 30 yaşınadək hərbi vəzifəlilər sentyabrın 12-dək Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində, eləcə də Gəncə və Bərdə şəhərlərində yerləşən hərbi hissələrin qərargahlarında fəaliyyət göstərən qəbul komissiyasına müraciət edə bilərlər.
“Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”na qəbul olunmaq üçün müraciət etmiş vətəndaşlar qəbul komissiyaları tərəfindən hərbi xidmətə yararlılıq dərəcələrinin müəyyən edilməsi məqsədi ilə Müdafiə Nazirliyinin müvafiq tibb müəssisələrinə göndərilirlər. Hərbi Həkim Komissiyalarının qərarına əsasən hərbi xidmətə yararlı hesab edilmiş şəxslər qəbul imtahanlarına buraxılırlar.
Məlumatda bildirilir ki, fiziki hazırlığı, ümumi bilik səviyyəsi, düşünmə qabiliyyəti, peşə maraqları, ünsiyyət qurmaq, liderlik və qərar qəbuletmə bacarıqları, həmçinin fərdi-psixoloji və digər keyfiyyətlərinin öyrənilməsi məqsədilə keçirilən imtahanları müvəffəqiyyətlə vermiş namizədlər kursa qəbul edilirlər.
Kursu müvəffəqiyyətlə başa vuran şəxslərlə üç il müddətinə bağlaşma imzalanır və onlar ixtisaslarına uyğun müvafiq vəzifələrə təyin olunur.
Qurumdan bildirilib ki, namizədlər qəbul komissiyalarına müraciət edərkən aşağıdakı sənədləri təqdim etməlidirlər:
– kursa qəbul olunmaq barədə ərizə (qəbul komissiyasının sədrinə);
– şəxsən yazılmış tərcümeyi-hal (əlyazma ilə bir nüsxədə, çap edilmiş – iki nüsxədə);
– xidmət (iş və ya təhsil) yerindən xasiyyətnamə;
– təhsil haqqında sənədin notarial qaydada təsdiq edilmiş surəti (bir nüsxədə);
– doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti (bir nüsxədə);
– şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti (bir nüsxədə);
– nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti (evli olduqda, bir nüsxədə);
– uşaqların doğum haqqında şəhadətnamələrinin notarial qaydada təsdiq edilmiş surətləri (uşaq olduqda, bir nüsxədə);
– evlər idarəsindən və ya yerli icra hakimiyyəti orqanlarından ailə tərkibi və yaşayış yeri haqqında arayış (bir nüsxədə);
– dörd ədəd rəngli fotoşəkil (baş geyimsiz, anfas, iki ədəd 3×4 sm və iki ədəd 4,5×6 sm ölçüdə);
– qeydiyyatda olduğu poliklinikadan (dəri-zöhrəvi, vərəm, ruhi-əsəb, narkoloji və son 5 (beş) ildə infeksion xəstəliklərlə bağlı müraciət edib-etməməsi barədə) arayış;
– hərbi biletin bütün vərəqlərinin notarial qaydada təsdiq olunmuş surəti (bir nüsxədə).
Sənədlərin qəbulunun həyata keçiriləcəyi ünvanlar: Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi 76, “Qızıl Şərq” hərbi şəhərciyi (Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi), Gəncə və Bərdə şəhərlərindəki hərbi hissələr.
Müraciət etmə vaxtı: 2023-cü il sentyabrın 12-dək hər gün (bazar günləri istisna olmaqla) saat 09:00-dan 18:00-dək.
MN müddətdən artıq həqiqi hərbi xidmətdən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxılmış hərbi qulluqçuların və məhkumluğunun ödənilməsindən asılı olmayaraq məhkum olunmuş hərbi vəzifəlilərin kursa qəbul üçün müraciət etməmələrini xahiş edib.
www.RIA24.az