Türkiyə səfiri: “Ermənistanın addımları sülh prosesinin ləngiməsinə səbəb olur”

Müharibə


“Məsələni Azərbaycanın ərazi bütövlüyü və suverenliyindən ayrı qiymətləndirərək ərazidə humanitar böhran varmış kimi göstərmək doğru deyil. Bu addımlar sülh prosesinin ləngiməsinə səbəb olur”.

“Report” xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Azərbaycanda akkreditə olunan diplomatik korpusun nümayəndələri və hərbi attaşelərlə birgə Ağdam-Xankəndi yoluna səfər zamanı jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycan torpaqlarında baş verən hadisələrin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində nəzərə alınması vacibdir:

“Qarabağ zəfərindən sonra istifadə edilən tək bir ifadə var: Qarabağ Azərbaycandır! Türkiyənin mövqeyi də budur. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanımaq vacibdir. Ortada üç ildir davam edən sülh prosesi var. Bununla bağlı Vaşinqtonda, Brüsseldə, Moskvada görüşlər keçirilib. Türkiyə məhz sülh prosesini dəstəkləyir və elə Ermənistanla da münasibətlərin normallaşmasına çalışır. Biz bu normallaşma istiqamətində addımları sülhə töhfə vermək üçün atırıq”.

Türkiyəli diplomat bildirib ki, üç ildir davam edən sülh prosesi içərisində humanitar böhran yaratmaq cəhdləri sülhə töhfə verməyəcək, əksinə, prosesi ləngidəcək:

“Məsələ əgər qida təminatıdırsa, Azərbaycanın bu istiqamətdə təqdim etdiyi həll yolu var. Ağdam-Xənkəndi yolundan istifadə edilə bilər. Azərbaycan bütün ehtiyacları qarşılayır. Bu gün Azərbaycan Qızıl Aypara Cəmiyyəti ermənilərə un gətirib, bu un qəbul edilməlidir, ancaq hələ danışıqlar davam edir. Azərbaycanın bu istiqamətdəki cəhdlərinin görməzdən gəlinməsini qəbul etmirik”.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir