“Ermənistanın istənilən hərbi eskalasiyasının cavabı adekvat şəkildə veriləcək”.
Bunu “Report”a açıqlamasında siyasi şərhçi Yeganə Hacıyeva deyib.
Onun sözlərinə görə, Ermənistan mütəmadi olaraq istər sərhədyanı bölgədə, istərsə də Qarabağda təxribatlara əl atır:
“Bu cür təxribatların ermənilərin öz məqsədləri üçün qısamüddətli və uzunmüddətli hesabları var. Onlar göstərməyə çalışırlar ki, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizinə alternativ olan Orta Dəhlizlə bağlı təklifləri aktual deyil və regionda təhlükə mövcuddur”.
Siyasi şərhçi bildirib ki, Şimal-Cənub nəqliyyat dəhlizi Rusiya-Ukrayna müharibəsi, eyni zamanda İranın nüvə ambisiyaları və son dövrlər qonşularına münasibətində təcavüz siyasətinin nəticəsi olaraq arzuolunmazdır:
“Belə bir dövrdə Cənubi Qafqazdan keçən və Azərbaycanın stabillik üçün formalaşdırdığı Orta Dəhliz təklifi xüsusilə diqqəti çəkir. Bütün bunların fonunda artıq Cənubi Qafqazın təhlükəsizliyi sadəcə regionun yox, bütövlükdə Avrasiya qitəsinin təhlükəsizliyinin vacib elementi kimi qəbul edilə bilər. Ona görə də regionda sabitliyin pozulması məsələsində Ermənistan tək deyil, proseslərin gözlə görünən və görünməyən oyunçuları var. Belə olan halda tərəflər sadəcə Ermənistanla Azərbaycandan ibarət deyil”.
“Ermənistan hazırda çalışır ki, Azərbaycan tərəfi onların sərhədyanı bölgədə törətdiyi təxribatlara cavab versin. Bununla da sərhədyanı bölgədə baş verənləri beynəlxalq ictimaiyyətin diqqətinə Qarabağ ətrafında baş vermiş hadisələr kimi çatdırsınlar və sərhədyanı bölgədə yaralanan əsgəri Qarabağda yaralanmış mülki şəxs kimi təqdim etsinlər. Bütün bunları nəzərə alan Azərbaycan tərəfi daxildə və sərhəd bölgəsində təhlükəsizliyi təmin etmək üçün lazımi addımlar atır. Bu da Azərbaycanın beynəlxalq hüquqla təsbit olunmuş legitim hüququdur. Ona görə də Ermənistanın istənilən hərbi eskalasiyasının cavabı adekvat şəkildə veriləcək”,- Y.Hacıyeva bildirib.
www.RIA24.az