“Silahlı Qüvvələrimiz tərəfindən lokal xarakterli antiterror tədbirləri çərçivəsində mülki şəxslər və heç bir mülki obyekt hədəfə alınmır, yalnız legitim hərbi hədəflər zərərsizləşdirilir”.
Oxu.Az-ın məlumatına görə, bunu brifinqdə Baş Prokurorluğun Mətbuat Xidmətinin böyük prokuroru Kənan Zeynalov bildirib.
Onun sözlərinə görə, qanunsuz erməni silahlı birləşmələri tərəfindən 44 günlük Vətən müharibəsi dövründə olduğu kimi, terror hücumları davam etdirilir, yenə də mülki şəxslər, mülki infrastruktur və yaşayış binaları hədəfə alınır:
“Bildiyiniz kimi, qanunsuz erməni silahlı birləşmələri tərəfindən sentyabrın 19-da törədilmiş terror aktı nəticəsində qətlə yetirilmiş Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin iki əməkdaşı işğaldan azad olunan ərazilərimizdə yol infrastrukturunun qurulması məqsədilə orada çalışırdı.
Qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən yerləşdirilmiş minaya düşərək həlak olan dörd polis əməkdaşı isə hər hansı hərbi əməliyyatlara cəlb olunmayan, sadəcə, qeyd olunan ərazidə ictimai-asayişi bərpa etmək məqsədilə ezam olunmuş şəxslər idi.
Bundan başqa, xəbər verildiyi kimi, Azərbaycanın Qarabağ bölgəsində qanunsuz Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən dünən iriçaplı silahlardan, o cümlədən minaatanlardan atəşə tutularaq törədilən terror hücumları nəticəsində mülki şəxslər – Şuşa şəhərində mənzil-kommunal və təmir xidməti mühəndisi işləyən 1967-ci il təvəllüdlü Vidadi Fərhadov adlı şəxs qətlə yetirilib, Ağdam rayonunda isə ərazidə bərpa-quruculuq işləri aparan şirkətlərdən birinin ekskavator operatoru, 1992-ci il təvəllüdlü mülki şəxs Mehman Həsənovun çoxsaylı qəlpə xəsarətləri yetirilməklə qəsdən öldürülməsinə cəhd edilib”.
İlhamə Əbülfət
www.RIA24.az