Sentyabrın 19-da Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonundan keçən 58-ci kilometrliyində ağır yol-nəqliyyat hadisəsi nəticəsində həlak olan polis əməkdaşlarından biri də əslən Şamaxının Qaleybuğurd kəndindən olan 1994-cü il təvəllüdlü Seyfi Fəqan oğlu Abdullayevdir.
Oxu.Az xəbər verir ki, polis əməkdaşı olan Seyfi Abdullayevin nəşi bu gün Şamaxı şəhərindəki Cümə məscidinə gətirilib.
Məsciddə cənazə namazı qılındıqdan sonra dəfn olunması üçün Şamaxının Qaleybuğurd kəndindəki ata yurduna aparılıb. Hazırda Seyfi Abdullayevlə vida mərasimi keçirilir.
Vida mərasimində Şamaxı Rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayonun hüquq-mühafizə orqanı əməkdaşları, eləcə də rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri iştirak edirlər.
Vida mərasimi başa çatdıqdan sonra mərhum Seyfi Abdullayevin Qaleybuğurd kənd qəbiristanlığında torpağa tapşırılması nəzərdə tutulur.
Qeyd edək ki, ötən gün həlak olan 29 yaşlı Seyfi Fəqan oğlu Abdullayev altı ilə yaxın idi ki, polis orqanlarında çalışırdı.
Yaxınlarının verdiyi məlumata görə, Seyfi Abdullayevin sentyabrın 22-də, öz doğum günündə Bakı şəhərində nişan mərasimi keçiriləcəkdi.
www.RIA24.az