“Azərbaycan tərəfinin öz ərazilərində qısamüddətli antiterror tədbirləri həyata keçirməsi labüd hal almışdı. Çünki Qarabağ bölgəsində, ermənilər yaşayan ərazilərdəki separatçı-terrorçu qüvvələr vəziyyəti gərginləşdirməyə çalışırdılar”.
Bu sözləri Oxu.Az-a açıqlamasında Milli Məclisdə Yevlax rayonunu təmsil edən deputat İlham Məmmədov deyib. O qeyd edib ki, Azərbaycan ərazisində təxribatlar ümumdünya erməni lobbisinin təkidi, əsrlər boyu ayrı-ayrı xalqlara, dövlətlərə qarşı ərazi iddiaları irəli sürməsinin nəticəsidir:
“Kilsə separatizmini dəstəkləyən bir qrup terrorçunun Qarabağda son qalıqları yerləşmişdi. Onlar müxtəlif yollarla silah əldə edirdilər. Fransa, Hindistan tərəfindən, qaçaq şəkildə silahlandırılırdılar. Bu isə Azərbaycanın, eləcə də regionun təhlükəsizliyinə böyük təhdid idi. İnsanlarımız erməni təxribatı nəticəsində həyatlarını itirirdilər.
Prezident İlham Əliyev dəfələrlə ermənilərə xəbərdarlıq edib, “Dəmir yumruğ”un yerində olduğunu xatırlatmışdı. Ermənilərə sülh təklifi edilsə də, onlar bundan boyun qaçırırdılar, şərtlərə əməl etmir, vaxt qazanmaq istəyirdilər.
Nəhayət, antiterror əməliyyatları nəticəsində separatçıların gizləndikləri yuvaları dağıdıldı. Ermənilər ağ bayraq qaldıraraq, danışıqlara getməyə razılaşdılar”.
Deputat vurğulayıb ki, erməni sakinlərlə danışıqlar onun Milli Məclisdə təmsil etdiyi Yevlax şəhərində olacaq:
“Yevlax Birinci Qarabağ müharibəsində ermənilərin son hədəfi idi. Onlar torpaqlarımızı işğal edib, Yevlaxı ələ keçirməklə Qərb zonasını tamamilə öz nəzarətlərinə almağı hədəfləmişdilər. Bu gün isə Prezidentimizin qətiyyəti, uzaqgörənliyi, məğrurluğu sayəsində ermənilərin arzuları ürəklərində qaldı və sahib olmağı arzu etdikləri Yevlaxda danışıqlara məcbur oldular.
Azərbaycan Ordusunun gücü və şücaəti artıq Vətən müharibəsində dünyanın hərb tarixinə yazıldı. Erməni separatçılar məhv edilməsələr, tərk-silah olmasalar, Qarabağda quruculuqdan danışmaq olmaz. Bu, bütün region, hətta dünya üçün əhəmiyyətli haldır. Biz, həmişə olduğu kimi, qələbəyə inanırdıq və bunu yenə əldə edə bildik.
Prezident İlham Əliyevin məşhur ifadəsi var: “Mən nəyi nə zaman etmək lazımdır, yaxşı bilirəm”. Həqiqətən də, ölkə başçısının taktiki, uzaqgörən və cəsarətli siyasəti bütün dünyaya nümunədir. Antiterror tədbirləri nəticəsində erməni terroruna birdəfəlik son qoyuldu. Bu yolda canından keçən igidlərimizə isə Allahdan rəhmət diləyirik. Onların sayəsində növbəti dəfə qələbə qazandıq. Vətənin azadlığı, təhlükəsizliyi üçün canından keçən şəhidlərimin ailələrinə səbir diləyirəm. Vətən sağ olsun!”
Aysel Aslan
www.RIA24.az