“Azərbaycanın rəşadətli Ordusu qarşısında dayanan vəzifəni layiqincə yerinə yetirdi. Bunun nəticəsində Qarabağdakı qanunsuz rejim təslim oldu. Bu, xalqımızın növbəti qələbəsidir”.
Bu fikirləri Oxu.Az-a Milli Məclisin deputatı Fatma Yıldırım deyib. O bildirib ki, qəhrəman hərbçilərimizin qarşısında tab gətirə bilməyən Ermənistanın və qanunsuz rejimin silahlı birləşmələri darmadağın edildi:
“Qarabağdakı qondarma rejim Azərbaycan dövlətinin şərtlərini qəbul etməyə məcbur oldu. Belə ki, Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərk-silah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır. Eyni zamanda, Prezident Administrasiyasının təklif etdiyi kimi, Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında reinteqrasiya məsələlərinin müzakirə edilməsi üçün Qarabağın erməni sakinlərinin nümayəndələri ilə 2023-cü il sentyabr 21-də Yevlaxda görüş keçiriləcək”.
Millət vəkilinin sözlərinə görə, Qarabağdakı erməni hərbi birləşmələrinin tərk-silah edilməsi antiterror tədbirinin əsas nəticələrindən biridir. Digər tərəfdən, qondarma rejim özü etiraf etmiş oldu ki, Qarabağda Ermənistanın hərbi birləşmələri mövcuddur. Hansı ki, Ermənistan hakimiyyəti bu faktı inkar etməyə çalışırdı:
“Bundan sonrakı mərhələdə isə Qarabağdakı erməni sakinlərin Azərbaycana reinteqrasiya prosesinə başlanacaq. Yəqin ki, Yevlax görüşündə bu məsələlər detallı müzakirə ediləcək, qondarma rejim buraxılacaq və həmin ərazidə Azərbaycan qanunlarının tətbiqinə başlanılacaq. Digər bölgələrdə də olduğu kimi, etnik mənsubiyyətindən asılı olmayaraq Qarabağda yaşayan bütün vətəndaşların hüquqları ölkəmizin qanunları ilə qorunacaq. Eyni zamanda, dədə-baba torpaqlarımızdan, öz evlərindən didərgin, köçkün vəziyyətinə düşmüş azərbaycanlıların bu torpaqlara qayıdışı qarşıda dayanan vəzifələr sırasındadır. Mənim üçün də Şuşanın Malıbəyli kəndində olan babamın, nənəmin məzarını ziyarət edəcəyim gün artıq çox yaxındadır.
Bütövlükdə, bu, tarixi bir hadisədir və biz bu tarixin canlı iştirakçılarıyıq. Əsasən də, bu şanlı tarixi yazan Azərbaycan Prezidenti İlham Əliyevin Ali Baş Komandanı olduğu Ordumuzdur. Ölkə başçısının dəmir iradəsi və qətiyyəti bütün uğurlarımızın əsasını təşkil edir. Eşq olsun qəhrəman Ordumuza! Allah şəhidlərimizə rəhmət eləsin!”
Aysel Aslan
www.RIA24.az