Əliyevin xalqa müraciəti: Azərbaycanın təkliflər paketi regional müstəvidə – TƏHLİL

Müharibə


Prezident İlham Əliyevin Qarabağdakı antiterror tədbirlərinin yekunlarına dair xalqa müraciətindəki detalların incəlikləri regionun perspektivi ilə bağlı təsvirlər verir. İlham Əliyevin çıxışının preambulasında səsləndirdiyi bir fikir Azərbaycan dövlətinin məqsəd və məramından irəli gələn vəzifələri açıqlayır. Prezident bildirdi ki, Azərbaycan antiterror tədbirlərinin başlanması və uğurla başa çatması nəticəsində öz suverenliyini bərpa edib.

Bu bəyanat bütün çıxışın leytmotivini təşkil edir, yəni o deməkdir ki, regionda toqquşan maraqlara, Rusiya sülhməramlılarının müvəqqəti yerləşməsinə baxmayaraq, Azərbaycan Qarabağdakı bütün nöqtələrdə mütləq suverenlik iddiasının təminindən əl çəkmir və çəkməyəcək.

Rusiya sülhməramlı kontingenti Azərbaycan ərazilərinə müvəqqəti statusla yerləşdiriləndə belə fikir var idi ki, rəsmi Bakı həmin ərazilərdə antiterror əməliyyatları aparmaz. Ancaq Azərbaycan bir neçə dəfə həmin ərazilərdə antiterror əməliyyatları aparıb, bu ilin sentyabrın 19-da başlanan antiterror tədbirləri isə regional əhəmiyyətinə, xarakterinə görə daha miqyaslı xarakterdə idi.

Azərbaycan Ordusunun budəfəki hərbi tədbirlərinin hərbi parametrlərindəki keyfiyyəti ən üstün şəraitin yetişməsi şərtləri ilə izah etmək lazımdır. Burada dörd məqam xüsusilə qabardılmalıdır:

1. Azərbaycan Laçın yolunda sərhəd-buraxılış məntəqəsi qurdu. Bu, Qarabağa Ermənistandan qanunsuz silah daşınmasının bloklanması demək idi.

2. Qarabağdakı Ermənistan silahlı qüvvələrinin birləşmələrinin və qeyri-qanuni birləşmələrə məxsus silahların, texnikaların yerdəyişməsi, dislokasiya yerləri hərtərəfli şəkildə öyrənildi, çünki budəfəki güc tətbiqi geniş regional nəticə yaradacaqdı.

3. Azərbaycan hava məkanı ilə qanunsuz silah daşımalarına heç bir halda icazə verməzdi, bu əminlik Silahlı Qüvvələrin balansında olan ən müasir hava hücumundan müdafiə sistemləri ilə daha da artırdı.

4. Azərbaycan mülki əhalini və mülki infrastrukturu hədəfə almadı, hərbi hədəflərə qarşı yüksəkdəqiqlikli silahların tətbiqindən istifadəyə üstünlük verilməsi də bunun bariz nümunəsi idi.

Göründüyü kimi, əvvəlcədən planlaşdırılan hərbi-strateji məqamlar Qarabağda antiterror tədbirlərinin gedişatında mükəmməl şəkildə özünü büruzə verdi. Azərbaycanın hərbi tətbiqlərinin real regional nəticələri haqqında fikirlərə gəlincə, bu, separatizmin əzilməsi, məhvi, revanşizm dalğasının yaranmaması üçün böyük əhəmiyyət kəsb edirdi. Çünki Prezident İlham Əliyevin müraciətdə qeyd etdiyi kimi, Qarabağdakı əməliyyatın uğurlu gedişatı Ermənistan dövlətini və onun himayəsi altında fəaliyyət göstərən qanunsuz xunta rejimini ciddi təşvişə salıb. Bu, onların revanşizmi üçün bir dənə də çıxış yeri qoymamaq deməkdir – nə beynəlxalq dəstəyin praktiki əhəmiyyəti var, nə də hərbi baxımdan əlçatan nəsə.

Bəli, nəticələr nə Brüsseldə, nə də Moskvada müzakirə olunur, antiterror tədbirlərinin yekunları Azərbaycan şəhəri Yevlaxda masaya qoyulur, özü də heç bir vasitəçi olmadan. Düzdür, sonrakı mərhələdə Azərbaycan-Ermənistan danışıqlarında bir istiqamət kimi Qarabağ mövzusu yenə müzakirəyə çıxarılacaq, lakin Bakının mütləq diktəsi və təzyiqi altında. Çünki Qarabağdakı açıq qalan məsələlərin həlli xarici siyasətin kontekstindən çıxıb Azərbaycanın daxili işi kimi xarakterlə bərkiyir, xüsusilə sonuncu antiterror tədbirlərinin nəticələri ilə bunu aydın görmək mümkündür.

Nə Ermənistan, nə də Bakı ilə İrəvan arasındakı danışıqlarda vasitəçilik edənlərin artıq Qarabağ məsələsini müzakirələrin predmeti etmək kimi potensialı yoxdur. Hərçənd ki Rusiya sülhməramlı əməliyyatları ilə proseslərdə özünü göstərməyə çalışa bilər və Qərb yenə nəzəri mülahizələrini yürüdə bilər.

Lakin bunun perspektiv təsiri yoxdur, çünki İlham Əliyev qeyd etdi ki, bölgədə yeni vəziyyətin yaranması labüddür. Mühüm bəyanatdır, postmünaqişə dövrünün reallıqlarına Azərbaycanın strateji maraqları kontekstində daha birinin əlavə olunması regional vəziyyəti xeyli dəyişdirir.

Qarabağdakı xuntanın təslim olmasından sonra Azərbaycanın girə biləcəyi bütün nöqtələrə qapılar açılır, İlham Əliyevin bəyanatında bu daha aydın səslənir. Nəzər yetirək, Prezident İlham Əliyev “Qarabağ və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik” fikrini antiterror tədbirlərinin yekunları kontekstində bir daha təkrarladı və ona belə bir əlavə etdi:

“Eyni şəraiti biz Xankəndidə, Ağdərədə, Xocavənddə, kəndlərdə yaradacağıq, Əsgəranda yaradacağıq. Bu, bizim əlimizdədir. Ona görə bizim təklifimiz budur və bu gün dönüş nöqtəsi idi”.

Kifayət qədər ciddi praktiki şəkilləndirməni təsvir edən bəyanatdır. Geniş mənası belədir ki, Azərbaycan Rusiya sülhməramlı kontingentinin yerləşdiyi ərazilərdə suverenliyini bərpa edəcək və qaranlıq məsələ qalmayacaq. Azərbaycan Qarabağdakı bütün ərazilərin və Şərqi Zəngəzurun cənnətə çevrilməsi ideyalarını ərazilərimizdə yaşayan ermənilərə reinteqrasiya formatının bir elementi kimi təqdim edir. Bu, sülh və təhlükəsizlik üçün təklifdir. Yox, Azərbaycan bayrağı altında yaşamağa qərar verəcəklərsə, onda İlham Əliyev ermənilərin reinteqrasiya prosesi üçün mühüm paketi konseptual şəkildə belə açıqlayır:

– Azərbaycan müxtəlif sosial proqramlar icra etməyə hazırdır,

– Bu, məntiqə, tarixi ədalətə, beynəlxalq hüquqa, gələcək inkişafa əsaslanan və gələcək inkişafa hesablanan təklifdir.

Kifayət qədər ciddi siqnallardır, özündə hərtərəfli sülh yanaşmasını ehtiva edir, indi bu şansı ermənilər əldən versələr, onda yeni güc tətbiqinin legitim hədəfinə çevrilməyə davam edəcəklər. İndi nə itaətsizliyin dövrüdür, nə də başqa buna bənzər hərəkətlərin. Çünki Azərbaycan belə addımlara qarşı adekvat tədbirlərini antiterror tədbirləri ilə göstərdi. Antiterror tədbirlərinin digər, daha genişmiqyaslı regional nəticələri üçün də imkanlar yaranır. Prezident İlham Əliyevin Cənubi Qafqaz ölkələrinin üçtərəfli formatdakı (Azərbaycan, Gürcüstan, Ermənistan) səmərəli əməkdaşlıq qurulması təkliflərini səsləndirməsi regionda sülh və təhlükəsizlik arxitekturası üçün praqmatik düsturdur.

Əgər Ermənistan üçtərəfli modeldə iştirakdan qaçmasa, regional reallıqların müşayiətində Azərbaycan, Gürcüstan və Ermənistan arasında təmaslar başlaya bilər.

 

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir