“Azərbaycan ərazisində antiterror tədbirlərinə başlayandan bəri bir sıra dövlət qurumlarının saytlarına kiberhücumlar olub”.
“Report“ xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) idarə rəisi Tural Məmmədov Beynəlxalq Kibertəhlükəsizlik Günləri Konfransında (ICSD 2023) bildirib.
“Təkcə Prezidentin rəsmi saytına saniyədə dörd milyondan çox DDoS (“Denial-Of-Service Attack”) hücum qeydə alınıb”, – T.Məmmədov qeyd edib.
Onun sözlərinə görə, XRİTDX-nin mütəxəssisləri onların qarşısını alırlar:
“Bu istiqamətdə fəaliyyətimizi gücləndirilmiş rejimdə davam etdiririk”.
Xatırladaq ki, Azərbaycanın sentyabrın 19-20-i tarixlərində keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri təslim olublar. Razılaşmaya əsasən, Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərk-silah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılırlar. Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.
www.RIA24.az