“Ermənistan beynəlxalq hüquqa əməl etmədi, Azərbaycanın xəbərdarlıqlarından nəticə çıxarmadı” – RƏY + FOTO

Müharibə


“Ermənistan nə beynəlxalq hüququn norma və prinsiplərinə əməl etdi, nə də edilən xəbərdarlıqlardan nəticə çıxardı”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.

Onun sözlərinə görə, Qarabağda antiterror tədbirləri labüd idi:

“Səbrin və təmkinin də bir həddi var və biz çox səbir etdik, lakin Ermənistan tərəfi Qarabağda, Şərqi Zəngəzurda, həm də şərti sərhəd bölgəsində təxribatlara əl atmaqdan çəkinmədi. Belə olan halda biz antiterror tədbirlərini həyata keçirməyə məcbur olduq”.

Komitə sədri xatırladıb ki, 2020-ci ilin 10 noyabr bəyanatının dördüncü bəndinə görə, Rusiyanın sülhməramlı kontingentinin Qarabağda müvəqqəti yerləşdirilməsi ilə paralel olaraq qanunsuz erməni silahlı birləşmələri bölgədən çıxarılmalı idi:

“Lakin Ermənistan bəyanatla üzərinə götürdüyü öhdəliyi 3 il yerinə yetirmədi. Əksinə yenidən Laçın yolu vasitəsilə Qarabağa qeyri-qanuni şəkildə silah-sursat, hərbi texnikalar daşımağa başladı. Dəfələrlə xəbərdarlıq edilsə də, onlar nə beynəlxalq hüququn norma və prinsiplərinə əməl etdilər, nə də edilən xəbərdarlıqlardan nəticə çıxardılar. Ona görə də Azərbaycan Ordusu antiterror tədbirləri həyata keçirərək 24 saat ərzində qanunsuz erməni hərbi birləşmələrini darmadağın etdi. Bütün bu tədbirlərin əsas məqsədi ondan ibarətdir ki, nəhayət, Ermənistan Cənubi Qafqaza sülh lazım olduğunu başa düşsün”.

Z.Əsgərov söyləyib ki, antiterror tədbirləri zamanı mülki əhali və obyektlər hədəf alınmayıb.

“Cənab Ali Baş Komandan, Prezident İlham Əliyev dəfələrlə bildirib ki, mülki obyektlər və şəxslər bizim hədəfimiz deyil. Bu da Azərbaycan tərəfinin humanistliyini göstərir. Bizim apardığımız antiterror tədbirləri legitim əməliyyatlardır və beynəlxalq humanitar hüququn tələblərinə uyğun idi. Azərbaycan Ordusu sadəcə hərbi obyektləri hədəf alıb. İllərdir ki, həmin obyektlər terrorçular üçün yuva olub. Burada əsas məqsəd Qarabağda yaşayan erməni sakinlərin bu ərazilərin Azərbaycan torpaqları olduğunu başa düşməsi və ölkə qanunlarına uyğun hərəkət etmələrini təmin etməkdir. Qarabağ sakinləri anlamalıdırlar ki, Azərbaycan qanunları onların da hüquq və azadlıqlarına təminat verir”, – deyə o vurğulayıb.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir