Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsində qalib gəlməsindən üç il keçir.
2020-ci ilin sentyabrın 27-də mMüzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bütün cəbhə boyu əks-hücum əməliyyatlarına başladı.
Belə ki, 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti irimiqyaslı təxribatlara başlamasına, Azərbaycan Ordusunun mövqelərinə və mülki yaşayış məntəqələrinə atəş zərbələri endirməsinə cavab olaraq əks-hücum əməliyyatı işə düşdü, sonradan “Dəmir yumruq” adını alan bu əməliyyat Vətən müharibəsinə çevrildi.
44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müntəzəm müraciətlər edib. Bu müraciətlər Azərbaycan xalqını ayağa qaldırıb, eləcə də ordumuzun ruh yüksəkliyini artırıb. Müharibənin gedişatına və taleyinə güclü təsir göstərən amillərdən biri də əhalinin Ordumuza mütəmadi dəstək verməyə çalışması olub. Bunu Vətən müharibəsində iştirak etmiş Xüsusi Təyinatlı Qüvvələrin mayoru Ramil Hüseynov Oxu.Az-ın əməkdaşı ilə söhbəti zamanı deyib.
Həmsöhbətim deyib ki, 2011-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələrində xidmət etməyə başlayıb.
1988-ci il dekabr ayının 23-də Salyan rayonunda anadan olan mayor Ramil Hüseynov 2003-06-cı illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil alıb:
“Hərbi liseyi bitirdikdən sonra elə həmin il Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul oldum. 2010-cu ildə akademiyanı başa vuraraq ordu sıralarında xidmətə başlamışam. 2011-ci ildən Azərbaycan Silahlı Qüvvələrində kəşfiyyatçı ixtisası üzrə xidmət edirəm. Neçə il keçir-keçsin, biz tarixi qələbəni yaşadığımız o ili heç zaman unutmarıq. 2020-ci il oktyabrın 17-dən biz müvafiq əmrlə ön cəbhəyə yola salındıq. Polkovnik-leytenant Anar Əliyevin rəhbərliyi altında oktyabrın 18-də biz artıq Füzuli istiqamətində bir neçə istiqamətlər üzrə döyüş tapşırıqlarını uğurla yerinə yetirmişdik. Ardıcıllıqla bizə verilən döyüş tapşırıqlarını yerinə yetirərək əmrə əsasən irəliləyirdik. Növbəti hədəfimiz Cəbrayıl istiqamətində idi. Orada bütün tapşırıqları uğurla yerinə yetirirdik. Oktyabrın 19-da Xocavənd istiqamətində gedən döyüşlərə qoşulmaq tapşırıldı. Həmin istiqamətdə müvafiq döyüş tapşırıqlarını yerinə yetirmək üçün bizi Xocavəndin Tuğ kəndi istiqamətinə göndərdilər. Kənd yaxınlığında strateji əhəmiyyət kəsb edən yüksəkliyin düşmənlərdən azad edilməsi tapşırığı gəldi. Həmin yüksəklik bizim qoşunlarımızın digər istiqamətlərə irəliləməsi üçün çox həlledici mövqe sayılırdı”.
“Duman açılanda gördük, mühasirədəyik”
Mayor deyir ki, həmin gün hava şəraitinin çox dumanlı və yağışlı olması döyüş tapşırığını yerinə yetirməyə ciddi maneələr yaradıb:
“Biz 54 nəfərdən ibarət dəstə ilə irəliləyirdik. Duman, çiskinli hava bizim düşmən qüvvələri tərəfindən mühasirəyə düşməyimizə səbəb oldu. Mühasirədən çıxmaq üçün düşünməyə belə, zaman yox idi, şiddətli döyüş getdi. Döyüş zamanı dəstə komandirimiz polkovnik-leytenant Anar Əliyev, kapitan Rəşad Əliyev, baş leytenant Kamran Quluzadə, tibb xidməti leytenantı Adil Əfəndiyev və daha doqquz hərbi qulluqçumuz şəhid oldu.
Döyüşcü yoldaşlarımızın şəhid olması bizi daha da qəzəbləndirdi. Düşmənə olan nifrətimizi birə-beş artıran bu itkilər, komandirimizin və dostlarımızın qisasını almaq istəyi bizim mübarizə ruhumuzu sonadək apardı. Həmin mövqedə olan son ermənini məhv edərək döyüş tapşırığını uğurla yerinə yetirdik. Strateji yüksəkliyi və ətraf ərazini nəzarətə götürdük.
Bu mühasirədən çıxan döyüş yoldaşlarımızdan 19-u ağır yaralandı, 22 nəfər isə növbəti döyüş tapşırıqlarını yerinə yetirmək üçün hazır vəziyyətdə yeni döyüş tapşırıqlarını gözləyirdi. Yaralı və şəhid olan yoldaşlarımıza rəğmən, biz komandanlığın yeni əmrlərini gözləyirdik”.
“Yaralı yoldaşlarımıza ilkin yardımı özümüz etdik”
Yaralı zabitlərin döyüşdən kənarda qalmaq istəmədiklərini deyən R.Hüseynov silahdaşlarına ilkin tibbi yardım göstərib özləri ilə birgə döyüş meydanından çıxararaq təxliyə etdiklərini deyir:
“Onlar təxliyə edilməmək üçün çalışsalar da, yaraları ağır olduğuna görə onları öncədən təyin edilən təhlükəsiz yerə apardıq. Döyüş tapşırığının icrası zamanı kapitan Rəşad Əliyev mənimlə çiyin-çiyinə mübarizə aparırdı. O, son nəfəsinədək mənim yanımdan ayrılmadı. Təəssüf ki, atışmada aldığı ağır güllə yarasından şəhadətə ucaldı. Məndən sol tərəfdə baş leytenant Kamran Quluzadə yaralı olduğu halda son nəfəsinə qədər “qırın onları, bir düşməni də buradan sağ buraxmayın” dedi. Kamranın son sözünü dəstəmizin digər bütün üzvləri canla-başla yerinə yetirdilər. Şəhid qardaşlarmızın qanı yerdə qalmadı: o mövqedə heç bir düşməni sağ qoymadıq.
Düşmən bizi mühasirəyə salmaqla, təxribata əl atmaqla qalib gələ biləcəyini düşündü. Amma bu dəfə də böyük səhvə yol verdi”.
“Növbəti hədəf: Qırmızı bazar, Böyük və Kiçik Tağlar idi”
Mayorun sözlərinə görə, Qırmızı bazar, Böyük və Kiçik Tağlar istiqamətində gedən döyüşdə düşmənin bir neçə texnikası və kiçik qruplaşmaları məhv edilib:
“Tapşırıqların uğurla icrası bizi Çanaqçı və Sığnaq kəndlərinə – qələbənin döyünən ürəyi olan Şuşa şəhərinə aparırdı. Hər bir döyüşçünün, zabitin arzusu Şuşa uğrunda gedən döyüşlərdə iştirak etmək idi. Noyabr ayının 7-dən 8-nə keçən gecə bizim qüvvələrimiz düşmənin belini qırdı. Biz öz arzumuza çataraq Şuşa şəhərinin qala divarlarında və ətraf hakim yüksəkliklərində üçrəngli bayrağımızı ucaltdıq. Düşmən çoxsaylı canlı qüvvəsini, zirehli texnikasını itirməklə dərk etdi ki, artıq bu döyüşü uduzdu. Düşmənin bütün təxribatlarına baxmayaraq, bizim Ordumuz düşmənə təmiz qələbə ilə qalib gəldi.
Düşmən tərəfdən yerdə qalan bir neçə qorxaq əsgər isə heç bizi görməmiş geri çəkildi. 44 gün davam edən Vətən müharibəsində işğal altında olan torpaqlarımızı azad edərək şəhidlərimizin intiqamını aldıq”.
Onu da xüsusi vurğulayım ki, 44 günlük Vətən müharibəsi dövründə Ramil Hüseynovun rütbəsi kapitan olub:
“Döyüşlərdən sonra Ali Baş Komandan Şuşanın işğaldan azad edildiyini xalqa elan etdi. Siz xalqın sevincini görmüş olarsınız, amma bizim sevincimiz sözlə ifadə edilməyəcək qədər yüksək idi. Elə qürurlanırdıq ki, nə bilim, uşaq kimi sevinirdik. Gözləmədiyim anda sevincimə sevinc qatan xəbər aldım. Əlahiddə Ümumqoşun Ordu Komandanı general-polkovnik Kərəm Mustafayevin əmri ilə mənə Şuşanın azad olunması istiqamətində gedən döyüşlərdə göstərdiyim şücaətə görə vaxtından əvvəl mayor rütbəsi verildi. Orduya, ordunun zabitlərinə bundan böyük diqqət, qayğı necə ola bilərdi ki?
Zabit olmaq çox şərəfli peşədir. Bu şərəfli peşəni də kişi kimi yerinə yetirmək lazımdır. Əsgərindən tutmuş Xüsusi Təyinatlı Qüvvələrin hərbçilərinə kimi heç kim döyüşə nəyəsə görə getməmişdi. Hər kəs Vətən uğrunda, Qarabağ uğrunda döyüşürdü. Qarabağı geri aldıq, Qarabağ artıq Azərbaycana qayıtdı. Düşünürəm ki, şəhidlərimizin ruhu səmadan bizi izləyir, işğaldan azad olunmuş torpaqlarımızı görürlər. Hər zaman da deyildiyi kimi, torpaq, uğrunda ölən varsa, Vətəndir. Allah şəhidlərimizə rəhmət eləsin, ailələrinə səbir versin. Yaralılarımıza şəfa diləyirəm. Azərbaycan Respublikasına xidmət edirik!”
Xatırladaq ki, Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, Ramil Şaiq oğlu Hüseynov “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.
Könül Cəfərli
www.RIA24.az