18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycan Ordusunun birlik, birləşmə və hərbi hissələrində, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində silsilə tədbirlər keçirilib.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Tədbirlərdə ümummilli lider Heydər Əliyevin və müstəqilliyimiz, ərazi bütövlüyümüz uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Çıxış edənlər ulu öndər Heydər Əliyevin xalqımızın taleyində, müasir Azərbaycan dövlətinin qurulmasında və inkişafında müstəsna xidmətlərindən, ümummilli liderin Azərbaycana rəhbərliyi dövründə respublikamızın ictimai-siyasi, iqtisadi, sosial həyatında, eləcə də ordu quruculuğunda əldə olunan nailiyyətlərdən danışıblar. Onun müdrik siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin sayəsində ölkəmizin durmadan inkişaf etdiyi xüsusi vurğulanıb.
Silsilə tədbirlər zamanı plana uyğun olaraq, həmçinin müxtəlif tarixi muzeylər də ziyarət edilib.
www.RIA24.az