2020-ci ilin bu günlərində şanlı Ordumuz Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi altında ərazi bütövlüyümüzün bərpası uğrunda şücaət göstərirdi. Vətəndaşlarımız kütləvi şəkildə ordu sıralarına yazılaraq cəbhəyə yollanmışdı.
Ərazi bütövlüyümüz uğrunda əməliyyatların ilk anından könüllü olaraq döyüşlərə qatılan İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sumqayıt Kimya Sənaye Parkının baş mütəxəssisi Asəf Səfəralı oğlu Nəsibov hərbi əməliyyatlarda snayper kimi xüsusi fərqlənib. Qubadlı-Laçın istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Asəf Nəsibov igidliyi və şücaətinə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin kimya mühəndisliyi ixtisasını fərqlənmə diplomu ilə bitirən Asəf Nəsibov 2015-2016-cı illərdə həqiqi hərbi xidmət keçib, 2016-cı ilin Aprel döyüşlərində snayper kimi iştirak edib.
Yüksək qürur hissi ilə qeyd olunmalıdır ki, Vətən müharibəsində dövlət qurumlarının nümayəndələri, o cümlədən İqtisadiyyat Nazirliyinin 130-dan çox əməkdaşı döyüş bölgələrinə yollanıb. Nazirliyin 100-dən çox əməkdaşı döyüşlərdə igidlik və şücaət göstərdiklərinə görə müxtəlif orden və medallarla təltif ediliblər.
Müharibədən sonrakı dövrdə 80-ə yaxın Vətən müharibəsi iştirakçısı İqtisadiyyat Nazirliyi və tabeli qurumlarında işlə təmin edilib. Ümumilikdə isə Nazirliyin müxtəlif strukturlarında 200-dən çox Vətən müharibəsi iştirakçısı çalışır. Fəxrlə qeyd olunmalıdır ki, bu əməkdaşlar Vətən qarşısında borclarını həm dövlət qulluqçusu kimi səmərəli fəaliyyətləri, həm də döyüş əməliyyatlarında nümayiş etdirdikləri igidliklə sübuta yetiriblər.
İqtisadiyyat Nazirliyinin Vətən müharibəsində iştirak edən, eləcə də döyüşlər zamanı yaralanmış, həmçinin ailə üzvü şəhid olmuş əməkdaşlarının hər biri, o cümlədən şəhid Asəf Nəsibovun ailə üzvləri hər biri daim diqqət mərkəzində saxlanılır, qayğıları ilə mütəmadi maraqlanılır, problemlərinin həlli istiqamətində zəruri köməklik göstərilir, sosial dəstək tədbirləri görülür.
www.RIA24.az