Prokuror Vaqif Xaçatryana niyə 15 il azadlıqdan məhrumetmə cəzası istəyib – SƏBƏB + VİDEO

Müharibə


Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Çerkezoviç Xaçatryanın məhkəmə prosesi davam edir.

Oxu.Az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində keçirilən prosesdə bu gün məhkəmə istintaqı başa çatıb. Prokuror ittiham nitqi ilə çıxış edərək Vaqif Xaçatryana 15 il azadlıqdan məhrumetmə cəzası verilməsini məhkəməyə təklif edib.

Prokuror, həmçinin, çıxışında niyə Meşəli soyqırımını törətməkdə təqsirləndirilənlərdən Vaqif Xaçatryana 15 il cəza tələb etməsinin səbəbini izah edib.

Belə ki, onun ittiham olunduğu soyqırımı, sülh və müharibə əleyhinə olan cinayətlərə görə cəzanın ən yuxarı həddi ömürlük azadlıqdan məhrumetmə cəzasıdır.

Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, hökm çıxarılanadək 65 yaşı tamam olan şəxslərə ömürlük azadlıqdan məhrumetmə cəzasının verilməsi qadağandır.

V.Xaçatryanın 65 yaşı keçməsi səbəbindən ona ömürlük azadlıqdan məhrumetmə cəzasının verilməsi mümkün deyil.

Bundan başqa, hazırda Azərbaycan qanunvericiliyinə görə, 65 yaşından yuxarı şəxslərə ittiham olunduğu ağır cinayətlərə görə 20 il azadlıqdan məhrumetmə cəzası ən yuxarı hədd sayılır.

Lakin Vaqif Xaçatryan cinayət əməllərini 1991-ci ildə törədib. Azərbaycanın 2014-cü ilə qədər qüvvədə olan qanunvericiliyində sülh və müharibə əleyhinə olan cinayətlərə görə cəza müddəti 10 ildən 15 ilə qədər azadlıqdan məhrumetmə olub.

Azərbaycanın qoşulduğu Beynəlxalq Konvensiyalara da əsasən, şəxs hadisəni törətdiyi vaxta uyğun olan qanunvericiliyə görə cəzalanmalıdır. Yəni Vaqif Xaçatryan hazırkı qanunvericilikdə olan sanksiya həddində yox, əməlin törədildiyi vaxtda mövcud olan qanunvericiliklə cəzalanması hüquqi baxımdan doğrudur.

Bu səbəbdən prokuror çıxışında Meşəli qatilinə qanunvericiliyə əsasən ittiham olunduğu maddələr üzrə ən yuxarı həddə olan 15 il azadlıqdan məhrumetmə cəzası tələb edib.

Aqil Vəlili

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir