“Həmdəm bizi o qədər arxayın və təmkinli etmişdi ki, şəhid olacağı ağlıma belə gəlməzdi. Ancaq danışanda hər şeyin qaydasında olduğunu deyirdi. Son dəfə bizimlə danışdığı gün yaralı imiş, yaralansa belə, geri çəkilməyib. Yanında əsgəri şəhid olub. Onun intiqamını almaq üçün yaralı halda döyüşüb. Daha sonra isə çoxlu qan itirib”.
Bu sözləri Oxu.Az-ın əməkdaşı ilə söhbətində 44 günlük haqq savaşımızda qəhrəmanlıqlar göstərən, öz canını doğma torpağımıza qurban verən igid hərbçilərimizdən biri Həmdəm Mayıl oğlu Ağayevin həyat yoldaşı Ramilə Ağayeva deyir.
Ramilə xanım bildirir ki, Həmdəm Ağayev 1975-ci il sentyabrın 9-da Ağdərə rayonunda anadan olub. O, 1993-94-cü illərdə Birinci Qarabağ müharibəsində Ağdərə rayonunun müdafiəsi uğrunda döyüşlərdə də iştirak edib.
“İyirmi səkkiz il xidmət etmiş zabit haqqında danışmaq asan deyil. Həmdəm ömrünün ən gözəl günlərində Vətənə xidmət edib. Həmdəm Vətən sevgisini uşaq yaşlarından büruzə verib. 1992-ci ildə 18 yaşı tamam olmamış könüllü şəkildə özünümüdafiə dəstələrinə qoşulub. Ailəsinin bundan xəbəri olmayıb. Sonradan biliblər. Həmdəm ondan sonra hərbini seçib”.
Xanımının sözlərinə görə, 1994-cü ildə Həzi Aslanov adına Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə daxil olan Həmdəm Ağayev beş il sonra ali hərbi təhsilini bitirib. O, 2000-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan MR ərazisində yerləşən hərbi hissəsində leytenant hərbi rütbəsində xidmətə başlayıb. 2003-cü ildə baş leytenant, 2004-cü ildə kapitan, 2006-cı ildə mayor, 2012-ci ildə isə polkovnik-leytenant hərbi rütbələrini alıb. 2010-17-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin 4-cü Ordu Korpusunda xidmət edən Həmdəm Ağayev 2017-18-ci illərdə Qusar şəhərində yerləşən “N” saylı hərbi hissənin komandir müavini, qərargah rəisi, 2018-ci ildən 4-cü Ordu Korpusunun qərargah rəisi vəzifəsində xidmət edib.
Aprel döyüşlərinin iştirakçısı olan Həmdəm Ağayev 2020-ci il sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.
“Həmdəm müharibəyə yollananda çox sürətlə qapıdan çıxdı. Arxasına belə baxmadı. Oktyabrın 5-də son dəfə telefonla danışdıq. Mənə uşaqları əmanət etdi. Dedi ki, “narahat olmayın, hər şey yaxşıdır”, – Ramilə xanım danışır.
Polkovnik-leytenantın ağır xəbərini ailəsi son telefon danışığından dörd gün sonra alıb. Oktyabrın 9-da Füzuli uğrunda döyüşlərdə şəhid olan H.Ağayev Bakıda, İkinci Şəhidlər xiyabanında dəfn olunub.
Onun iki övladı yadigar qalıb.
Xanımı deyir ki, övladlarından Aysunun 17, Ziyanın 14 yaşı var:
“Qızım 11-ci, oğlum 8-ci sinifdə təhsil alırlar. Övladlarım özləri hər kəsə atalarından danışırlar. Belə bir ataları olduğu üçün qürur duyurlar. Onlar çox darıxırlar. Lakin hiss etdirməməyə çalışırlar. Belə bir ata heç vaxt yaddaşlarından silinə bilməz”.
O deyir ki, Həmdəm Ağayev hələ müharibədən öncə bir neçə dəfə təltif olunub: 3-cü dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə”, “İgidliyə görə”, “Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi” yubiley, 3-cü dərəcəli “Qüsursuz xidmətə görə”, “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi” yubiley, “Hərbi xidmətlərə görə”, 2-ci dərəcəli “Qüsursuz xidmətə görə”, “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley, 1-ci dərəcəli “Qüsursuz xidmətə görə”, “Azərbaycan Ordusunun 100 illiyi” yubiley, “Azərbaycan Silahlı Qüvvələri Veteranı” medallarına layiq görülüb.
Ölümündən sonra isə “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları, “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.
“Həmdəm çox vətənpərvər bir insan idi. Vətəni bizdən çox istədi. O, sanki zabit olmaq üçün doğulmuşdu. Hər dəfə formanı o qədər qürurla geyinirdi ki, həmin anları söz ilə ifadə edə bilmirəm. Peşəsinin vurğunu idi…” – xanımının səsi titrəyir.
Ramilə xanım deyir ki, müharibə onların ailəsində dərin izlər buraxıb:
“Mən özüm şəhid nəvəsiyəm. Babam 1992-ci ildə şəhid olub. Bu yanğı ürəyimizdə heç vaxt sönməyib. Ata-baba torpaqlarına qayıtmaq, orada yaşamaq arzumuz olub. Bizim evdə hər gün, hər an belə söhbətlər gedib. Körpəmizdən tutmuş, böyüklərə qədər Vətən həsrəti ilə yanmışıq. Hər zaman doğma yurdumuza qayıtmağı diləmişik.
Bu gün artıq Həmdəmin doğulub boya-başa çatdığı Ağdərə də azaddır. Mən deyərdim ki, gözü aydın olsun. Şükürlər olsun ki, Ağdərəmiz erməni tapdağından azad olundu. Azadlığı bizə yaşadan oğullarımıza eşq olsun. Şəhidlərimizə də Allahdan rəhmət diləyirəm. Ruhları şad olsun!”
Nəzrin Vahid
www.RIA24.az