Paşinyandan Qarabağla bağlı etiraflar və revanşistlərə sərt mesaj – ŞƏRH

Müharibə


Ermənistan baş naziri Nikol Paşinyan sensasiyalı sayıla biləcək açıqlamalarla çıxış edib. Parlamentdə noyabrın 16-da dövlət büdcəsinin müzakirələri zamanı deputatlara Qarabağla bağlı bir sıra etirafları, həqiqətləri söyləyib ki, bu da bir çox məqamları ilə önəmli sayıla bilər.

Ən mühümü odur ki, Nikol Paşinyan Ermənistanın özündən əvvəlki dövlət başçılarının indiyə qədər cürət edib deyə bilmədiklərini dilə gətirib. Bildirib ki, ATƏT-in 1996-cı il Lissabon sammiti ilə Qarabağ məsələsi artıq mövcudluğunu itirib. Yəni, ikinci erməni dövlətinin yaranması mümkünsüz olub. Məhz həmin sammitə qədər o vaxtkı hakimiyyət ümid edirdi ki, işğal altında saxladığı Azərbaycan torpaqlarında qanunsuz hərbi birləşmələrə qanuni don geyindirə biləcək. Lakin Azərbaycanın sammitdə əldə etdiyi nəticə ermənilərin arzularını puç etmiş oldu.

Baş nazirin Qarabağ məsələsindən necə bezdiyini aşağıdakı cümlələrlə çox gözəl müşahidə etmək mümkündür: “Qarabağ məsələsi erməni dövlətçiliyinin möhkəmlənməsinə qarşı alət kimi istifadə olunub”. Nikol Paşinyan sonrakı illərdə yaşananlara da bu kontekstdən yanaşıb.

Hökumət başçısının bu etirafı müəyyən mənada Qərb strukturlarına və dövlətlərinə, o cümlədən xaricdəki erməni lobbisinə də ünvanlanıb.

“Qarabağ məsələsində istədiyimizə, ən azı 1996-cı ildə keçirilən ATƏT-in Lissabon sammitindən sonra nail olmaq mümkün deyildi. Bu sammitdə Ermənistan istisna olmaqla, konsensusa qoşulanların hamısı rəsmi görüşlərin qapalı hissəsində və ziyafətlərdə bizi Qarabağ məsələsi ilə bağlı istəklərimizin mümkün olduğuna və bunun mütləq baş verəcəyinə inandırdı və bizi hər zaman ruhlandırdı, amma bununla yalnız bir məqsəd güdürdülər – Ermənistan dövlətinin formalaşmasının qarşısını almaq”, – Paşinyan bildirib.

Baş nazir sonralar yaşananları da məhz Lissabon sammiti ilə əlaqələndirir. 1998, 1999-cu il 27 oktyabrında parlamentin gülləbaran edilməsi, 2020 və 2023-cü il hadisələrini də bu kontekstdə nəzərdən keçirib. Hökumət başçısının bu etirafları böyük ehtimalla növbəti dəfə müxalifət tərəfindən xəyanətkar addım kimi dəyərləndirəcək.

Proseslərə obyektiv qiymət verməyə məcbur qalan Nikol bununla açıq bildirib ki, məhz 1996-cı ildən sonra ikinci erməni dövlətinin yaradılması bir arzu olaraq qalacağı məlum olub. Bunu da Nikoldan əvvəl Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan bildirirdi. Onun siyasi taleyinin necə olduğu da bəllidir. O, Qarabağdan imtina edilib, Azərbaycanla danışıqlara gedilməlidir deyən kimi istefa verməyə məcbur edildi.

Ermənistan hərbi xərclərini iki dəfə artırmasına toxunan Nikol Paşinyan deputatları inandırmağa çalışıb ki, bu, müharibəyə deyil, sülhə hazırlıqdır: “Qonşu ölkələr bilirlər ki, Ermənistan heç kimə hücum etmək istəmir”.

Bu ilin sentyabr ayında Qarabağda Azərbaycanın ərazi bütövlüyünün bərpasına gətirib çıxaran antiterror tədbirlərindən sonra o ilk dəfə bildirib ki, qonşu dövlətlər əmindir ki, Ermənistanın hər hansı bir aqressiv məqsədləri yoxdur. Orduda islahatların aparılması ilə bağlı narahatlıqlara gəldikdə, bunu əsassız adlandırıb.

Xatırladaq ki, 2024-cü il üçün dövlət büdcəsi layihəsində hərbi xərclər 1,4 milyard dollar nəzərdə tutulub.

Azərbaycanla sülh müqaviləsinin yaxın aylarda imzalanması da baş nazirin toxunduğu məsələlərdən olub. Lakin nəzərə alaq ki, bununla bağlı bir neçədə dəfə ziddiyyətli fikirlər səsləndirib. Bu səbəbdən də bunu adi bir bəyanat kimi qəbul etmək olar. Sadəcə bu dəfə əminliklə deyib ki, sülh üçün rəsmi İrəvanda siyasi iradə var və bu iradə sarsılmazdır.

Onun sözlərinə görə, Azərbaycanla sülhün üç əsas prinsipi razılaşdırılıb. Nikol Paşinyan deyib ki, söhbət ərazi bütövlüyünün qarşılıqlı tanınmasından, bir-birinə qarşı ərazi iddiasının olmamasından, suverenliyin və yurisdiksiyanın tanınması əsasında regional kommunikasiyaların açılması prinsiplərindən gedir.

Beləliklə, ümid etmək olar ki, Nikol Paşinyan bu bəyanatları ilə bir daha mövqeyini dəyişməyəcək. Qeyd edək ki, baş nazirlə yanaşı, parlament rəhbəri Alen Simonyan da vurğulayıb ki, ilin sonuna qədər İrəvanla Bakı arasında sülh müqaviləsinin imzalanmasına az da olsa güman var:

“Ümid edirik ki, sülh müqaviləsi imzalanacaq. Belə ki, baş nazirin də dediyi kimi üç əsas prinsip üzrə razılıq əldə edilib”.

Nikolun fikirləri əslində ermənilər üçün qalmaqallı, ən əsası üzücü sayıla bilər. Bu etiraf dolu açıqlamalarla birdəfəlik Qarabağla bağlı iddialardan əl çəkildiyini müşahidə edə bilərik. Bu, həm də revanşistlərə, onlara dəstək verən Qərb dövlətləri üçün bir mesajdır. Baş nazir sadəcə qorxudan ad çəkmək istəməyib. Üstüörtülü şəkildə onlara çatdırıb ki, imkan verin öz yolumuz ilə gedək.

Digər bir məsələ də ondan ibarətdir ki, separatçılara bundan sonra hər hansı hərəkət aparmalarına imkan verilməyəcək. Nikol Paşinyan bunu ən yaxın adamı hesab olunan parlamentin spikeri Alen Simonyan vasitəsilə edib. Bildirib ki, Qarabağ separatçılarına Ermənistanda hər hansı bir institut yaratmağa imkan verilməyəcək. Onun sözlərinə görə, İrəvanın separatçıların hansısa təşkilatını maliyyələşdirmək planı yoxdur. Spiker Qarabağla bağlı hər hansı institutların yaradılması cəhdini Ermənistanın təhlükəsizliyinə təhdid və zərbə sayıb, həmkarlarını da belə mövqe sərgiləməyə çağırıb.

Bütün bunlardan belə bir nəticəyə gəlmək olar ki, Ermənistan rəhbərliyi uzun illər Azərbaycan tərəfinin söylədiyi həqiqətləri nəhayət ki, qəbul etməyə başlayıb. Bunlardan ən əsası Qarabağ məsələsinin Ermənistan dövlətinin mövcudluğuna təhlükə olmasını etiraf etməkdir.

Etiraf faktı qəbul etmə mərhələsinin başladığını nümayiş etdirir. Bundan sonra isə mövcud reallıqlara uyğun addımlar atılmalıdır ki, bunun üçün də müəyyən zaman tələb ediləcək.

“Report” İnformasiya Agentliyi

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir