“Ömrümün qalan hissəsini Laçında, doğma yurdumda keçirəcəyəm”.
Bunu Oxu.Az-a açıqlamasında Laçın sakini, keçmiş məcburi köçkün Ramiz Umudov deyib.
O bildirib ki, Laçına qayıtmaq onun ən böyük arzusu olub:
“Mən birinci Qarabağ müharibəsi veteranıyam. O vaxtlar indiki kimi imkanlarımız olmasa da, canımız, qanımız bahasına döyüşdük, minlərlə şəhid verdik. Bu gün isə Ali Baş Komandanın sayəsində, müzəffər Ordumuzun sayəsində torpaqlarımız işğaldan azad olundu. Artıq qürurla, başıdik gəzirik. Ölkəmizlə, ordumuzla, Ali Baş Komandanımızla qürur duyuruq.
Laçında bizə hər cür şərait yaradılıb. Artıq pensioner adamam. Ömrümün qalan hissəsini də doğma yurdumda, müqəddəs torpaqlarımızda keçirəcəyəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!”
Xatırladaq ki, bu gün Laçın şəhərinə 21 ailə (81 nəfər) köçürülüb. Bununla da 346 ailənin (1 326 nəfərin) Laçına köçü və məskunlaşması təmin edilib.
Aytac Qasımova
www.RIA24.az