Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı və ANAMA-nın tərəfdaşlığı ilə dekabrın 6-da Bakıda “Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün sağlam ətraf mühit və minasız həyat” adlı beynəlxalq forum keçirilib.
“Report”un xəbərinə görə, tədbirdə çıxış edən agentliyin İcraçı direktoru Aygün Əliyeva bildirib ki, mina və müharibənin digər partlayıcı qalıqları işğaldan azad edilmiş ərazilərin inkişafına, insanların öz doğma yurdlarına qayıdışına mane olur.
Onun sözlərinə görə, bu gün Azərbaycan dünyada mövcud ən müasir texnologiyalardan istifadə edərək minatəmizləmə işləri həyata keçirir:
“Bu fəaliyyətin 90 faizi ölkənin daxili resursları hesabına aparılır. Xaricdən gələn dəstək məhduddur. Bu dəstək artmalıdır”.
A.Əliyev deyib ki, bu gün dünyada 60-dan çox ölkə minadan əziyyət çəkir, Azərbaycan da bu siyahıda ön sıralardadır:
“Ermənistan işğal dövründə Azərbaycan ərazilərində 1,5 milyondan çox mina, partlamamış hərbi sursat basdırıb. Mütəxəssislərin rəyinə görə, işğaldan azad edilən ərazilərdə aşkar edilən minaların yerləşdikləri yerlər, hərbi sursatların növləri və s. texniki hallar son 30 ildə hər il basdırıldığını, hər hansı səbəbdən yeni minalarla əvəzləndiyini deməyə əsas verir. Vətən müharibəsindən sonra 338 nəfər azad edilən ərazilərdə minaya düşüb, 65 nəfər həlak olub. 273 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar içərisində 9-u uşaq və gənc, 1 nəfər qadındır. 1991-ci ildən bu yana Azərbaycan 3 418 nəfər minadan zərər çəkib”.
Azərbaycan Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov qeyd edib ki, Azərbaycan ərazilərinin mina və partlayıcı sursatlarla çirklənmə səviyyəsinə görə dünya ölkələri arasında ilk sıralarda yer alır.
“Minalar və müharibənin partlayıcı qalıqları insanların həyatına, sağlamlığına birbaşa təhlükə yaratmaqla yanaşı, həm də ətraf mühitə, ekosistemə böyük zərər vurur. İlkin hesablamalara görə, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 1,5 milyona yaxın mina yerləşdirilib və 9 min kvadrat kilometrə yaxın ərazi minalarla çirklənib”, – V.Süleymanov deyib.
Onun sözlərinə görə, 2020-ci ilin noyabr ayından bu günə qədər aparılan minatəmizləmə əməliyyatları nəticəsində ümumilikdə 114 400,9 hektar ərazi minalardan və müharibənin partlayıcı qalıqlarından təmizlənib:
“Ümumilikdə 110 347 mina və müharibənin digər partlayıcı qalıqları, o cümlədən 30 795 piyada əleyhinə mina, 18 582 tank əleyhinə mina və 60 970 partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib”.
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, Ombudsman Aparatı rəhbərinin müavini Rəşid Rumzadə, BMT-nin Azərbaycandakı rezident koordinatoru ofisinin rəhbəri Kanako Mabuçi, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev çıxış edərək minanın insanların həyat və sağlamlığına, ümumiyyətlə bəşəriyyətə ciddi təhdidlərindən danışaraq mina və partlamamış hərbi sursatların işğaldan azad edilmiş ərazilərdə dayanıqlı inkişafa törətdiyi maneələrdən söhbət açıblar.
Forumda həmçinin ANAMA stendinin təqdimatı və Azərbaycanın minatəmizləmə fəaliyyəti ilə bağlı film də nümayiş olunub.
Tədbirin ikinci hissəsində isə qeyri-hökumət təşkilatlarının nümayəndələri üçün ANAMA-nın əməkdaşları tərəfindən “Partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə və təhlükəli ərazilərdə davranış qaydaları, minaların törətdiyi fəsadlar və psixoloji nəticələri, təhlükəli ərazilərin əlamətləri” adlı təlim keçirilib.
Forum sabah öz işini dünyanın mina ilə ən çox çirklənmiş şəhərlərindən biri olan Ağdamda davam etdirəcək.
www.RIA24.az