Rəsmi İrəvan Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin hazırlanması və imzalanması üzrə danışıqlar prosesi ilə bağlı getdikcə daha çox ziddiyyətli bəyanatlar verir. Əvvəlcə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirdi ki, sülh müqaviləsinin bəzi bəndlərində reqres var. Daha sonra Ermənistanın baş naziri Nikol Paşinyan guya Bakının bəyanatlarının sülh prosesinə zərbə vurduğunu dedi. Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan isə həm xarici işlər nazirini, həm də baş naziri təkzib edərək, Ermənistan-Azərbaycan nizamlanması üzrə danışıqlarda heç bir reqres olmadığını bildirdi.
Beləcə, Ermənistan rəhbərliyi nümayəndələrinin bir-birini təkzib etdiyi qəribə vəziyyət yaranıb.
Oxu.Az polşalı jurnalist və politoloq Yakub Koreybadan vəziyyəti şərh etməyi xahiş edib:
– Mən burada qəribə heç nə görmürəm, bu, gözlənilən və təbiidir. Çünki Ermənistanda suverenlik daxili və xarici səbəblərə görə yoxdur və olmayıb. Ermənistan rəhbərliyi bu problemi tanımalı və suverenliyi rəsmiləşdirməlidir. Hazırda beynəlxalq ictimaiyyət və xüsusən də İrəvanın bilavasitə danışıqlar aparan tərəfdaşları Ermənistanda suverenliyin daşıyıcısının baş nazir, xarici işlər naziri, yoxsa parlamentin sədri olduğunu bilmirlər, heç bilməzlər də… Onların hamısının öz ayrı gündəliyi var.
Bu ona görə baş verir ki, Ermənistanda milli strategiya və milli maraq anlayışı yoxdur. Ermənilərin özləri, o cümlədən erməni siyasi elitası bu prosesin (Azərbaycanla Ermənistan arasında nizamlanma – red.) son məqsədinin nə olduğunu bilmirlər. Onlar, yenə deyirəm, ölkənin maraqlarını özləri üçün müəyyən etməyiblər. Strategiya haqqında ümumi anlayışın olmadığı şəraitdə siyasətçilər öz maraqlarına və vəziyyətlə bağlı öz qavrayışlarına əsaslanaraq hərəkət edirlər. Bu, xarici nəzarət altında olan ölkələr üçün xarakterikdir – elə məhz Ermənistana da aiddir. Digər postsovet ölkələrində müxtəlif səviyyələrdə də olsa, milli maraqların nə olduğunu anlayırdılar.
Ermənistanın suverenliyinin formalaşması prosesi hüquqi, institusional və hətta konseptual baxımdan geri qalır. Amma hər bir ölkənin ən bariz marağı qonşuları ilə yaxşı münasibətlərdə olmaqdır. Guya suveren olduğu son 30 il ərzində Ermənistan bunun əksini etdi.
Bakının milli maraqlara əsaslanan öz mövqeyi var. Ermənistanda belə bir şey yoxdur. Bu, suveren ölkənin (Azərbaycanın) tam suveren olmayan bir ölkə ilə (Ermənistanla) danışmasıdır. İndi heç kim Ermənistanın nə vaxt tam müstəqil olacağını deyə bilməz.
– Ola bilərmi ki, Qərbin və Fransanın Ermənistana bəyan etdiyi dəstək İrəvanda kənar oyunçuların təcili yardım illüziyasını yaradır, ona görə də İrəvan növbəti dəfə öz sevimli taktikasına əl ataraq, danışıqları ləngidir, ziddiyyətli bəyanatlar verməklə dolaşdırır və nəyinsə onun xeyrinə dəyişəcəyini gözləyir?
– Baxın, Ermənistanın nizamlanma prosesini gecikdirməsinin mənası varmı? İstər xarici, istərsə də daxili bütün şərtlər İrəvanda düzgün təhlil edilərsə, sülh müqaviləsinin bağlanması üçün bundan yaxşı məqamın olmayacağını göstərir. Bundan sonrakı vəziyyət Ermənistan üçün ancaq pisləşəcək. Vəziyyət artıq çox aldadıcı kənar dəstəyə arxalanan Ermənistanın qeyri-konstruktiv mövqeyinə görə xeyli pisləşib.
Bu mövqe Ermənistanın özünə ziyan vurur. Xarici dəstəyin mahiyyəti artıq rəsmi Ermənistan-Rusiya müttəfiqliyində də üzə çıxdı. Həm Rusiya, həm Fransa, həm də bütün digər xarici oyunçular Ermənistandan öz məqsədlərinə çatmaq üçün bir vasitə kimi istifadə edərək, sırf öz maraqlarını yürüdürlər.
Vaxt gəlib çatıb ki, Ermənistan və bütün dünya erməniləri, o cümlədən diaspor ciddi düşünməli və anlamalıdır ki, erməni xalqının və dövlətinin öz maraqları var, başqalarının naminə özlərini oda atmağa dəyməz. Dövlət ya mövcuddur və müstəqil siyasət aparır, ya da sadəcə, lazım deyil. Erməni siyasətçilər Ermənistanı elə istiqamətə aparırlar ki, xalq üçün öz dövləti, sadəcə, lazımsız olacaq, çünki bu onlara heç nə vermir.
Əgər erməni siyasətçilər ölkələrini beynəlxalq sistemin “artıq elementi” statusuna çatdırmaq istəyirlərsə, qoy eyni ruhda da davam etsinlər.
– Erməni diasporuna toxundunuz. Onun maraqları Ermənistanda yaşayan ermənilərin maraqları ilə üst-üstə düşürmü? Axı Ermənistanın daxilindəki revanşistlərlə yanaşı, erməni diasporunun nümayəndələri də çox aqressiv bəyanatlar verir, Azərbaycanla sülhün imzalanmasının mümkünsüzlüyündə israr edirlər. Məsələn (nə birincidir, nə də sonuncu), Stenford Universitetinin (Kaliforniya, ABŞ) siyasi elmlər doktoru Artur Xaçikyanın bəyanatı. O, Azərbaycanla sülh müqaviləsini Ermənistan üçün geri dönüşü olmayan nöqtə (mənfi mənada) hesab edir.
– Mən ABŞ və Fransadakı erməni diasporunu yaxşı tanımıram, amma Rusiyadakı erməni diasporunu yaxşı tanıyıram. Mən 12 ildir onlarla ünsiyyət qururam (o cümlədən qeyri-rəsmi şəraitdə) və onların necə olduqlarını başa düşmək üçün hər cür imkanım olub.
Marqarita Simonyan, Semyon Baqdasarov və bir çoxları Ermənistana həqiqətdə nifrət edirlər. Bu ölkənin reallığı onlara unutmaq istədiklərini xatırladır. Ermənistanın necə olduğunu görəndə onların intellektual, maliyyə, sosial, sinfi kompleksləri oyanır. Hətta bəziləri Ermənistana nadir hallarda getsələr belə, tarixi vətənləri onlara öz geri düşüncəli olduqlarını xatırladır.
Mən bu adamları dinləyəndə həmişə belə bir hiss keçirirdim ki, onlar erməni doğulduqları üçün özlərini bədbəxt hiss edirlər. Onlar rus, yaxud fransız doğulmaq istərdilər. Yeri gəlmişkən, onların çoxunun, məsələn, Marqarita Simonyanın uşaqlarının ABŞ pasportu var. Bu insanlar şüuraltı olaraq özlərini elə aparırlar ki, sanki Ermənistanın yox olmasını istəyirlər. Erməni diasporu nümayəndələrinin fəaliyyəti tamamilə münaqişəyə təhrikdir və bu, Ermənistanda faktiki yaşayan insanlar üçün zərərlidir.
Nair Əliyev
www.RIA24.az