Pənah Mirzəyev: “Bizə Bakıda nə qədər yaxşı şərait yaradılsa da, Vətən sevgisi məni Füzuliyə çəkir”

Müharibə


“Bütün gəncliyim, xatirələrim, uşaqlığım – hamısı Füzulidə, tapdaq altında qaldı”.

Bunu Oxu.Az-a açıqlamasında bu gün doğmalarını Füzuli şəhərinə yola salan məcburi köçkün Pənah Əvəz oğlu Mirzəyev deyib.

O qeyd edib ki, bu illər ərzində onlar üçün Bakıda yaxşı şərait yaradılsa da, daim Vətən nisgili onun köksündə yer alıb:

“Füzuli rayonunun Aşağı Veysəlli kəndindəmən. Bacım oğlunun ailəsini (beş nəfər) yola salıram. Onlar Xəzər rayonunun Binə qəsəbəsində, yataqxanada yaşayırdılar. Şükür ki, bu günləri görmək bizə nəsib oldu. Mən Füzulidən çıxanda 18 yaşım vardı, artıq hər şeyi dərk edirdim. Bütün gəncliyim, xatirələrim, xoş günlərim Füzulidə, tapdaq altında qaldı. Bakıda yaşayış kompleksində bizi evlə təmin ediblər, hər cür şərait yaradıblar, amma buna baxmayaraq, Vətən həsrəti, Vətən sevgisi məni bu torpaqlara, Füzuliyə çəkir. Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!”

Xatırladaq ki, bu gün növbəti köç karvanı Füzuli şəhərinə yola salınıb. Daha 30 ailə, 125 nəfər öz doğma yurduna köçürülür. Bununla da ümumilikdə 470 ailənin (1 750 nəfər) Füzuli şəhərində məskunlaşması təmin edilib.

Aytac Qasımova

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir