İşğaldan azad olunan Ağdam şəhəri səsvermə gününə hazırdır – FOTO

Müharibə


İşğaldan azad edilmiş Ağdam şəhərində 118 saylı Ağdam şəhər seçki dairəsinin 57 saylı məntəqəsi yaradılıb və səsverməyə hazırlıq prosesi tam başa çatıb.

Bunu “Report”un şəhərə ezam olunan əməkdaşına açıqlamasında seçki məntəqəsinin sədri Arzu Rəhimova bildirib.

Onun sözlərinə görə, 57 saylı məntəqə üzrə 1414 seçici qeydiyyata alınıb.

A.Rəhimova deyib ki, Ağdam Konfrans Mərkəzində yerləşən məntəqənin həyətində lövhə qoyulub, oraya prezidentliyə namizədlərin təşviqat plakatları vurulub.

“Məntəqə üzrə səs verəcək seçicilər həmin ərazidə tikinti-bərpa işləri ilə məşğul şirkətlərdə çalışan şəxslərdir. Mən Ağdam şəhərində 57 saylı məntəqədəyəm. Böyük xoşbəxtlikdir ki, bu gün burada seçki keçirilir. Məntəqəmiz tam hazırdır. Səsvermə gününü səbirsizliklə gözləyirik. Bu tarixi günlərdə seçicilərimiz qürurlu olduqlarını ifadə edirlər. Artıq seçici siyahılarına uyğun olaraq bildirişlər də tam paylanılıb”, – məntəqə sədri vurğulayıb.

118 saylı Ağdam şəhər seçki dairəsinin işğaldan azad edilən ərazilərdə ümumilikdə 3 seçki məntəqəsi formalaşdırılıb.

Qeyd edək ki, Azərbaycanda fevralın 7-ə növbədənkənar prezident seçkisi təyin olunub. Seçkidə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparacaq.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir