Baku TV Azərbaycanın Milli Qəhrəmanı Koroğlu Rəhimov haqqında reportaj hazırlayıb.
Ziyalı bir ailədə doğulan Koroğlu Rəhimov vətən sevgisi ilə böyümüşdü. 1969-cu ildə orta təhsilini müvəffəqiyyətlə başa vurduqdan sonra Bakıya gəlir və Azərbaycan Neft və Kimya İnstitutunun avtomexanika fakültəsinə daxil olur.
1972-ci ildə ordu sıralarına çağırılır və hərbi xidmətini Almaniya Demokratik Respublikasında başa vurur. Hərbi xidmətdən qayıtdıqdan sonra ali təhsilini tamamlayır. 1979-cu ildə əmisi qızı Aybəniz xanımla ailə həyatı qurur.
1988-ci ildə azərbaycanlıların Ermənistandan qovulması, 1990-cı ilin 20 Yanvar hadisələri, 1992-ci ilin Xocalı soyqırımı Koroğlu Rəhimovun düşməndən qisas almaq, torpaqlarımızı erməni faşistlərindən təmizləmək arzusunu daha da alovlandırır.
O, 1992-ci ilin martın 17-də könüllü olaraq Milli Ordu sıralarına yazılır. 1992-ci ilin aprelin 30-da K.Rəhimov N saylı hərbi hissədə 2-ci motoatıcı bölüyün komandiri təyin edilir.
Qısa müddət ərzində onun qəhrəmanlığı dillərdə əzbər olur. Ağdərə döyüşlərində də qəhrəmanlıqlar göstərən Koroğlu üçüncü sovxozu da erməni faşistlərindən azad edir. Qəhrəmancasına həlak olan Koroğlu Rəhimovun ölüm xəbəri hamını sarsıdır.
Üç övladı – qızı Ülviyyənin, oğlanları Rəşad və Samirin gözünü yolda qoyur. O, Ülviyyənin doğum gününə gələcəyinə söz vermişdi.
“Uşaqlara yemək verirdim. Ülviyyə atasına bağlı qız idi. Birdən ağlamağa başladı. Dedi ki, saqqallılar atamı öldürdü”, – şəhidin həyat yoldaşı Aybəniz Rəhimova həmin günləri xatırlayarkən deyib.
Ətraflı Baku TV-nin süjetində:
www.RIA24.az