“54 gün düşmən mühasirəsində qalsam da, nə bayrağımızı, nə də əlimdəki quran kitabını yerə qoydum. Əksinə bayrağı sinəmə sarıb, Allaha güvəndim, ondan kömək istədim. Arzu edirdim ki, həmin bayraqla kəndimizə gedim. Şükürlər olsun ki, o arzuma da çatdım”.
Bunu “Moderator”a bayrağımızla 54 gün düşmən mühasirəsində qalan Şakir İsgəndərov deyib.
“Laçına, doğma yurduma, Oğuldərə kəndimə, nəhayət ki, qovuşdum. Mühasirədə qaldığımız evi ziyarət etdik. İki dəfə getmişəm, 15 gün də qalmışam. Ata-ana mülküm ermənilər tərəfindən yararsız vəziyyətə düşüb. Çox istərdim ki, ömrümün qalan hissəsini öz vətənimdə keçirim. Hələ ki, daimi məskunlaşmağa icazə vermirlər, amma gedib günlərlə qalırıq. Mənim uşaqlığım, analı-atalı günlərim orada keçib. Laçın torpağı mənim üçün o qədər doğmadır ki. O günləri xatırlamaq da, unutmaq da çox çətindir. O vaxt 32 yaşım var idi. 1992-ci ildə könüllü kimi döyüşlərə gedəndə özümlə bir bayraq da götürdüm. Qubadlı və Kəlbəcərdə döyüşərək geri çəkilməyə məcbur olduq. İki nəfər şəhid oldu, üç nəfər də itkin düşdü. Kəlbəcərin Çaykənd deyilən ərazisində düşmənin qəfil pusqusuna düşdük. Bizə məlumat belə gəlmişdi ki, Çaykənd bizdədir. Qeyri-bərabər döyüş olduğuna görə itki verərək geri çəkilməyə məcbur olduq. Tərtər çayını keçməyə aramızda bələdçi olmadı. Bayrağı götürəndə öz-özümə demişdim ki, qələbənin şərəfinə bu bayrağı bacımgilin qapısından asacağam. Bəlkə də mənim sağ qalmağım Allahın möcüzəsi idi. Yemək yox, içmək yox, çətinliklərimiz çox idi. 19 nəfər mühasirədə qaldıq.
Özüm o kənddən olduğum üçün oranı tanıyırdım. Özümlə 2-3 adam götürüb kəndlərdən xarab olmayan qidalar tapıb gətirirdim, kəşfiyyata çıxırdım. Bir təhər dolanırdıq. Artıq 54 gündən sonra ermənilər bizim kəndə girdilər və hiss etdilər ki, biz oradayıq. Ermənilər kənddə olduğumuzu bilən kimi, biz yerimizi dəyişdik. Onu da necə bilmişdilər? Dörd at saxlayırdıq. Onun üçünü minib getmişdilər ki, siqaret, yemək tapıb gətirsinlər. Biri qalmışdı kənddə. O atı görüb ermənilər kəndə girmişdi. Köhnə bir radiomuz var idi. Onunla bilirdik ki, harada hansı döyüşlər gedir?! O vaxt Qubadlı işğal olunmamışdı, Laçının da yeganə Güləbird kəndi qalmışdı. Gecələr yol gəlib, gündüzləri gizlənirdik. Ac-susuz, taqətsiz, halsız vəziyyətdə. Səkkiz gündən sonra gəlib Güləbirdə, Vaqif Cabbarovun batalyonuna çıxdıq. 19 nəfərin sağ-salamat qalmasına səbəb olan da bayraq imiş. Ölüm-qalım mübarizəsi idi. Hətta dostlarla danışmışdıq ki, əsir düşsək, özümüzü qumbara ilə öldürəcəyik. Bu bayrağı o vaxt bir müxbir çəkmişdi, onunla da hər yana yayılmışdı. İkinci Qarabağ müharibəsi başlayanda da döyüşə yollanmaq üçün müraciət etmişdim. Yaşım imkan vermədiyinə görə qəbul etmədilər”, – deyə Şakir İsgəndərov əlavə edib.
www.RIA24.az