“Bir neçə gün bundan öncə Qarqar çayını görəndə canıma ağrı doldu. Həmin gecəni yenidən yaşadım. Kəndimizin viran qalması isə məni lap pərişan etdi”.
Bunu AzVision.az-a açıqlamasında Xocalı sakini Nigar Cəfərova deyib. 1992-ci ildə onun 18 yaşı var idi və faciədən iki ay əvvəl ailə qurmuşdu. Nigar xanım əsir düşən xocalılardan biri olub və Ağdamın Şelli kəndinin döyüşçüləri tərəfindən əsirlikdən xilas edilib. Onun qucağında uşaqla olan şəkli faciənin simvoluna çevrilib. Bakıda yerləşən “Ana haraya” abidəsi də Nigar xanımın bu fotosunun əsasında hazırlanıb.
O, yalınayaqla tərk etdiyi Xocalıya 32 ildən sonra gedib və keçmişlə üz-üzə gəlib. Bu səfərdə bir gözü gülüb, biri isə ağlayıb. Yaşadıqları gözünün önündən kino lenti kimi keçib.
“1992-ci ildə ermənilər hər gün atırdılar. Fevralın 25-dən 26-na keçən gecə isə silahlar heç susmadı. Hamı narahat idi. Deyirdik, görəsən, nə olub. Kişilər postda keşik çəkirdilər. Onlar vəziyyətin gərginləşdiyini görüb tələsik ailələrinin yanına gəlib kənddən çıxmalı olduqlarını bildirdilər.
Evdən çıxıb çölə boylananda geri qayıda bilmədik. Artıq ermənilər evlərə dolmuşdular. Ayağı yalın, əyni nazik mərkəzi yola doğru qaçdıq. Yanımda bibim və onun ailəsi var idi.
Camaata qoşulub Qarqar çayını keçdik. Həmin vaxt suya yıxıldığımız için tir-tir əsirdik. Sulu paltarlarla dağlardan adlayıb Naxçıvanlı yoluna getdik. Yolda əmimgili gördüm. Atamı soruşdu, dedim, bilmirəm.
Elə bir az keçmişdi ki, ermənilər güllə atdılar, əmimi, gəlinini və nəvəsini öldürdülər. Biz yolumuza davam etməyə məcbur olduğumuz üçün təpəni aşdıq, bir xeyli yol getdik. Ancaq yolu səhv saldığımız üçün özümüz də bilmədən erməni postuna gedib girdik. Erməni əsgərlər bizi Azərbaycan dilində çağırıb aldatdılar. Dedilər: “Bura gəlin, Ağdam postudur”. Qaranlıq idi, yaxşı görmürdük. Yaxınlaşanda 400-500 erməninin əhatəsində olduğumuzu anladıq. Kişiləri və qadınları sıraya düzdülər. Qızıllarını, pullarını əllərindən aldılar. Hansı kişinin üstündə silah tapılırdısa, onu yerindəcə güllələyirdilər.
Yoldaşımın əlində avtomat olduğu üçün onu da öldürdülər. Silahın qundağı ilə vurub alın sümüyünü parçalamışdılar.
Qaynım gedib Şelli camaatını köməyə çağırdı. Onlarla ermənilər arasında atışma başlayanda biz qaçıb qurtula bildik. Anam, bacım və qardaşım salamat Ağdama gəldilər. Atam isə bir həftədən sonra yaralı vəziyyətdə yanımıza qayıtdı. Kürəyində adam daşımışdı. Danışırdı ki, yerlimiz Güllü xala ilə Sadıq dayı yaralı imişlər, onları çıxara bilməyiblər. Ər-arvad donub ölmüşdülər. Atam həmişə o səhnəni çox kədərlə yada salardı.
Ermənilər sinif yoldaşım Müşfiqi doğrayıb tikələrini əskinin arasında Ağdamdakı əmilərinə göndərmişdilər. Meyitini benzin qarşılığında vermişdilər”.
Nigar xanım deyir ki, qucağında daşıdığı körpə bibisinin nəvəsi olub.
“Atası və anası gətirə bilmədi, mən onu xilas etdim. Ağdama kimi yerə qoymadım. Həmin körpənin adı İncidir, onun iki övladı var”.
O, Xocalıya bir neçə gün öncə etdiyi səfərindən də danışıb:
“Qarqar çayını görəndə canıma, ürəyimə ağrı doldu. Həmin anları yenidən yaşadım. Hələ də özümə gəlməmişəm. Kəndimizi görəndə ürək ağrısı yaşadım. Evimiz viran qalıb. Yerində ancaq qurumuş kolluqları tapdım. Sevindirici hal isə odur ki, qorxularımı yendim. Əvvəllər düşünürdüm ki, Xocalıya qayıdıb yaşaya bilmərəm. Amma indi sevə-sevə gedərəm”.
www.RIA24.az