Laçındakı erməni təxribatının səbəbləri: Azərbaycan hərbi gücə müraciət edə bilər – ŞƏRH

Müharibə

Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindəki qanunsuz erməni silahlı birləşmələri təxribat törədiblər. Nəticədə Azərbaycan Ordusunun əsgəri Anar Kazımov şəhid olub.

Təxribatın baş verdiyi coğrafiya Laçın rayonudur, erməni silahlıları Azərbaycan Ordusunun mövqelərini intensiv atəşə tutublar.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatından çıxarış etsək, deyə bilərik ki, hadisə Laçının Ermənistanla sərhəd zonasında olmayıb, çünki Rusiya sülhməramlıları sərhəd zolağında xidmət aparmırlar.

Ermənilər bir neçə gün öncə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri digər ərazilərdən də silahları Azərbaycan hərbçilərinə doğru tuşlayıblar.

Erməni separatçıları vəcdə gətirən amillər sırasında Rusiya sülhməramlı kontingentinin öz funksiyasını yerinə yetirməməsi dayanır, digər tərəfdən isə Azərbaycanın Ermənistanla Qarabağı birləşdirən Laçın yoluna alternativ yol çəkməsi onları qıcıqlandırır.

İrəvanın 10 Noyabr bəyanatının müddəalarının icrasından boyun qaçırması və ya qeyri-müəyyən mövqeyi də separatçıları cuşa gətirir.

Ancaq Azərbaycan Laçın yoluna alternativi istifadəyə verəcək, bununla da Laçın şəhərinə, Zabux və Sis kəndlərinə mütləq nəzarəti bərpa edəcək.

Ermənilərin mövqeyinin heç bir əhəmiyyəti yoxdur, onlar hansı mənbədən mənəvi qida götürsələr də, Azərbaycan Ordusu həmin mənbələrin qarşısına asanlıqla tıxac vuracaq.

Laçındakı erməni təxribatı da, güman etmək olar ki, həmin alternativ yolla bağlıdır, çünki Ermənistan mənasız və məntiqsiz “dirəniş” göstərir.

İrəvanın məkrli və ikiüzlü mövqeyini Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın açıqlamasında da görürük.

O, öz aləmində Laçın yoluna alternativlə bağlı Azərbaycanın tələbinin qanunsuz olduğunu göstərməyə çalışıb, hərçənd ki, Qriqoryan İrəvanın kapitulyant mövqeyini də pərdələməyə cəhd edə bilər.

İrəvan bundan əvvəl Laçın yoluna alternativ marşrutun Ermənistan hissəsindəki tikintinin (Tex-Kornidzor) başlanılacağını təsdiqləmişdi, indi Qriqoryan 10 Noyabr bəyanatının 6-cı bəndini təhrif etməyə girişir.

Ermənistan hökumətinin məntiqinə əsasən, 10 noyabrda imzalanan üçtərəfli sənəddə yeni marşrut xəttinin çəkilməsi planından bəhs edilsə də, hazırda razılaşdırılmış plan yoxdur.

İrəvan bununla özünü sığortalayır və baş verənlərə görə yalnız separatçıları təqsirli kimi önə çıxarmağa çalışır. Bunun səbəbi aydındır: İrəvan Azərbaycanın hərbi əməliyyatlar planını işə salmasından qorxur.  

Amma üçtərəfli bəyanatın Ermənistanın üzərinə yüklədiyi öhdəliklər var və o, bunu istəsə də, istəməsə də, icra etmək məcburiyyətindədir.

Ermənistan 10 Noyabr sənədinin iki maddəsini (4-cü və 6-cı) bir-birinə calaq edərək onlara hiyləgər interpretasiya vermək işinə girişsə də, Bakının tələbləri konkret və aydındır: Bir ovuc qeyri-qanuni erməni birləşmələri Azərbaycan ərazilərindən çıxarılmalıdır.

Rusiyaya gəlincə, görünür ki, Moskva üzərinə götürdüyü öhdəliklərin icrasından (4-cü bəndlə bağlı) yayınmaq üçün müxtəlif bəhanələrə əl atır.

Avqustun 2-də Azərbaycan və Rusiya müdafiə nazirləri – Zakir Həsənov və Sergey Şoyqu – arasında baş tutan telefon danışığı da postmünaqişə dövrünün hərbi aspektlərinin bir daha müzakirəsi idi.

Azərbaycan tərəfi Rusiyaya çatdırır ki, günü bu gün erməni separatçıların çıxarılması təmin edilsin, əks halda Bakı hərbi gündəliyini işə salacaq.

Hərb amili soyuqqanlılıq və düzgün zamana əsaslanır, bu müddət ərzində Azərbaycanın səbri Ermənistan və onun məxsusi himayədarları tərəfindən xüsusi həyasızlıqla sınağa çəkiləcək.

Onsuz da, ən həlledici məqamlarda beynəlxalq və regional oyunçuların gözü Bakı tərəfə əyiləcək, maraqlıdır, bunu bilən Ermənistan hansı dağa güvənir?!

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın siyasi və hərbi komandanlığına xəbərdarlıq edərək, baş verənlərə görə onların məsuliyyət daşıdığını xatırladıb.

Əks təqdirdə deyə bilərik ki:

1. Azərbaycan Qarabağda antiterror əməliyyatları keçirəcək.

2. Bu hərbi əməliyyatlar Azərbaycan-Ermənistan sərhədindəki digər əməliyyatlarla koordinasiyalı şəkildə həyata keçiriləcək.

Azərbaycan tərəfi sonuncu insidentlərdən sonra Rusiya sülhməramlılarının müvəqqəti xidmət göstərdikləri ərazilərdə kəşfiyyat-nəzarət işini gücləndirəcək.

Bakı Moskva ilə təmasları davam etdirəcək və danışıqların detalları barədə Türkiyəni məlumatlandıracaq.

Aqşin Kərimov

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir