“Rusiya son proseslərdən sonra gördü ki, Türkiyə və Azərbaycanı qarşısına alaraq Qafqazda qalıcı sülhü təmin etmək mümkün deyil. Ona görə də bu gün bölgədə mənfəətlərini qorumaq üçün hər iki dövlətlə əməkdaşlıq etməyə önəm verir. Bundan əlavə, öhdəliklərin həyata keçirilməsi üçün Ermənistana haqlı təzyiq göstərir, çünki Üçtərəfli Bəyanat birbaşa Putinin iştirakı ilə imzalanıb. Belə olduqda isə Ermənistan siyasi arenada təkbaşına qalır”.
Bu fikirləri Oxu.Az-a açıqlamasında türkiyəli tarixçi, professor İbrahim Tellioğlu səsləndirib.
Məlumdur ki, bu gün Qafqazda Qərbin iqtisadi, Rusiyanın isə həm iqtisadi, həm də siyasi maraqları var. Ona görə də regionda üçüncü tərəflər daim münaqişə yaratmağa və ya yaranmış münaqişəni alovlandırmağa meyilli olurlar. Vətən müharibəsindən iki il keçməsinə baxmayaraq, Azərbaycanla Ermənistan arasında hələ də sülh müqaviləsinin imzalanmamış olması da müəyyən maraqların nəticəsi kimi izah edilə bilər. Bəs görəsən, həmin maraqlardakı əsas aktor kimdir?
Tarixçi İbrahim Tellioğlu qeyd edib ki, hazırda Azərbaycanla Ermənistan arasında sülhü əsasən Avropa istəmir:
“İkinci Qarabağ müharibəsi ilə Qarabağ illər sonra həqiqi sahibinə qaytarıldı. Noyabrın 10-da Üçtərəfli Bəyanat imzalandı. Azərbaycan və Ermənistan arasında aparılan müzakirələrdə Ermənistan ərazilərin Azərbaycana qaytarılması məsələsi ilə razılaşdı. Bu razılaşmanın qısa zamanda qüvvəyə minməsi gözlənilərkən Ermənistan məsələdə tutarsızlıq nümayiş etdirdi. İndi də tutarsız mövqedədir. Bir tərəfdən, Azərbaycanla sülh müqaviləsinin imzalanması istiqamətində görüşləri davam etdirir, digər tərəfdən, sazişin şərtlərindən boyun qaçırmağın yollarını axtarır. Onun bu ikili strategiyasında üçüncü ölkələrin (Rusiya və Avropa dövlətləri) böyük rolu var, xüsusilə Fransadakı erməni diasporu Azərbaycanın Qarabağı azad etməsini həzm edə bilmir. Sazişin şərtlərinin icra olunmaması üçün Ermənistana müxtəlif təzyiqlər göstərilir”.
Həmsöhbətimiz hesab edir ki, Ermənistan Avropadakı erməni diasporunun təzyiqlərinə görə götürdüyü öhdəliklərə əməl etməsə, bu onlar üçün iqtisadi və siyasi fəlakət olar:
“Şuşa Bəyannaməsi ilə Türkiyə Azərbaycan torpağı olan Qarabağa qarşı istənilən təxribat əməlinə reaksiya verəcəyini bəyan edib. Azərbaycanla Rusiya arasında imzalanan Moskva Bəyannaməsində də bildirilir ki, Rusiya Azərbaycan torpaqlarına təşkil ediləcək hücumu öz torpaqlarına edilmiş kimi qəbullanacaq. Belə bir vəziyyətdə Ermənistan üçün ən əlverişli seçim bəyanatın şərtlərinə əməl etməsi olar”.
Ekspert sülh müqaviləsinin qısa zamanda imzalanmalı olduğunu vurğulayıb:
“Bu, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi baxımından önəmlidir. Həmçinin Ermənistanın dünyaya açılması və qonşuları ilə münasibətləri düzəltməsi üçün də vacibdir. Ermənistan sazişin şərtlərinə əməl etməməyi seçərsə, indiki kimi təcrid olunmuş vəziyyətdə varlığını sürdürəcək. Çünki Azərbaycan, Türkiyə və Gürcüstan onunla əlaqələri genişləndirməyəcək. Beləliklə, bölgədə gərginlik, xaos davam edəcək. Burada əsas aktor Ermənistandır. O, türklərin dostluq üçün uzatdığı əli sıxmalıdır. Bu, Ermənistanı iqtisadi və siyasi baxımdan rahatladacaq. Ermənistan koridorun açılmasını təmin etməli və Qarabağdakı bütün silahlı birləşmələrini geri çəkməlidir. Çünki Qarabağda Ermənistana bağlı separatçı qüvvələrin törətdiyi terrorçu əməlləri Azərbaycan və müttəfiqləri qətiyyən qarşılıqsız qoymayacaqlar. Bilmək lazımdır ki, bölgədə baş verəcək istənilən münaqişə mütləq şəkildə Azərbaycanın xeyrinə nəticə verəcək. Ona görə də Ermənistan Qarabağdan əl çəkməlidir. Onlar verilən vədlərə nə qədər qısa müddətdə əməl etsələr, erməni xalqı bir o qədər rifah içində, dünyayla inteqrasiya olunmuş bir şəkildə yaşayacaq”.
Sayad Həsənli
www.RIA24.az