“Biz hazırda Laçın sakinləri ilə birgə onların doğma yurdlarına – Çıraqlı, Ağbulaq və Kamallı kəndlərinə gəlmişik. Bu kəndlər erməni işğalı dövründə dağıdılaraq məhv edilib. Əlbəttə ki, bura gələn sakinlər duyğusal hisslər keçirirlər. Onlar illər sonra öz doğma yurdlarına qayıdıblar”.
Bunu “Report”un Laçın rayonuna ezam olunmuş əməkdaşına açıqlamasında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi, Azərbaycan Ali Məhkəməsinin sədr müavini Çingiz Əsgərov deyib.
O xatırladıb ki, 2005-ci ildə bu sakinlər İnsan Hüquqları üzrə Avropa Məhkəməsində “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə iddia qaldırıblar:
“Azərbaycan dövləti bu işdə üçüncü tərəf kimi çıxış edərək həmin zərərçəkmişlərə hər cür dəstək göstərmişdi. Çünki bu, dövlətin vəzifəsidir. Azərbaycan dövləti hər zaman onların qayğısına qalıb.
Avropa Məhkəməsi zərərçəkmişlərin iddiaları üzrə 2015-ci il iyunun 16-da qəbul etdiyi qərarda “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası”nın 8-ci, 13-cü və 14-cü maddələrinin və Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinin pozulduğu əksini tapıb. Lakin indiyədək Ermənistan dövləti bu qərarı icra etmir. Həmin qərarla Ermənistan hökuməti bütün məcburi köçkünlər üçün bir mexanizm yaratmalı idi ki, zərərçəkmişlər kompensasiyaya görə müraciət etsinlər. Belə ki, həmin mexanizmlə Ermənistan dövləti kompensasiyaya baxmalı və müvafiq təzminat ödəməlidir. Onlar bunu etmirlər”.
“Bundan başqa, Avropa Məhkəməsi tərəfindən vətəndaşlara təyin olunmuş – az da olsa – kompensasiya hələ də ödənilməyib. Biz bu barədə mütəmadi olaraq Avropa Şurasının Nazirlər Komitəsində məsələ qaldırırıq. Təkidlə bildiririk ki, Ermənistan dövləti məsuliyyətdən qaçmamalıdır və Avropa Məhkəməsi tərəfindən müəyyən olunmuş kompensasiyanı ödəməlidir. Ümid edirəm ki, yaxın gələcəkdə biz bunu həll edəcəyik”.
Qeyd edək ki, altı nəfər laçınlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə 2015-ci ildə qəbul etdiyi qərara əsasən, zərərçəkmiş kimi tanınıb. Həmin məcburi köçkünlər bu günlərdə doğma Laçın rayonuna səfər ediblər.
www.RIA24.az