Laçın sakini: “İddialarımız tam təmin olunana qədər mübarizəmizi davam etdirəcəyik”

Müharibə

“1992-ci ilin may ayının 18-də Ermənistan silahlı qüvvələri doğma torpağımız – Laçın rayonunun Çıraqlı kəndini işğal etdi. Biz öz dədə-baba yurdumuzdan didərgin düşdük”.

Bu fikirləri “Report”un Laçın rayonuna ezam olunmuş əməkdaşına açıqlamasında yerli sakin Elxan Çıraqov deyib.

O bildirib ki, məcburi köçkün düşəndən sonra əvvəl Ağcabədi, sonra İsmayıllı və Bakıya köçüb:

“Hazırda da Bakıda yaşayıram. Həmin vaxt düşmən kəndi işğal edəndən sonra yandırdı. Məcbur olub Çıraqlı kəndini tərk etdik. Həmin vaxt 42 yaşım vardı, Çıraqlı və Kamallı kəndlərində kimya və biologiya fənləri üzrə müəllim işləyirdim”.

Kənd sakini söyləyib ki, 2005-ci ildə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə müraciət edib:

“Avropa Məhkəməsi 2015-ci ildə bizim xeyrimizə qərar çıxardı və zərərçəkmiş kimi tanındıq. Lakin buna baxmayaraq, Ermənistan həmin qərarın icrası istiqamətində indiyədək heç bir addım atmayıb. Bizim iddialarımız tam təmin olunana qədər mübarizəmizi davam etdirəcəyik və sona qədər vuruşacağıq”.

“Bu gün bura Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun şanlı qələbəsi nəticəsində qayıdıb gəldik. 30 il ərzində işğal altında olan ata-baba yurdum onların sayəsində cəmi 44 gün ərzində düşməndən azad edildi. Bu gün Çıraqlı kəndinə gəldiyim üçün çox sevincli və qürurluyam”, – E.Çıraqov vurğulayıb.

Xatırladaq ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə 2015-ci ildə qəbul etdiyi qərara əsasən zərərçəkmiş kimi tanınan məcburi köçkünlər doğma Laçın rayonuna səfər ediblər.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir