Qubadlıda minaya düşüb ölən it minlərlə kvadrat metr ərazinin təmizlənməsində iştirak edib – FOTO

Müharibə

“Qubadlıda minaaxtarma prosesi zamanı minaaxtaran it “Dina” bilinməyən səbəbdən yolunu dəyişib. İtin ani bir istiqamətə dönməsi zamanı mina partlayıb və it ölüb”.

Bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Minaaxtaran itlərlə iş üzrə qrupunun əməliyyat meneceri Azər Hüseynov APA-nın Qarabağ bürosuna açıqlamasında bildirib. Onun sözlərinə görə,  “Dina” bilinməyən səbəbdən yolunu dəyişib:

“İtin ani bir istiqamətə dönməsi zamanı hadisə baş verib. İt təxminən 8-10 metrlik bir məsafəyə gedib qayıdan vaxt bu hal olub. Səbəbə gəlincə, məsələn, anidən siçan qaça bilər onu biz görməyə bilərik, amma it məsafədən onu hiss edir və yaxud da küləyin istiqamətinin ani dəyişməsi nəticəsində mina qoxusu hiss oluna və it çönə bilər. Yəni bu, mütəxəssis olaraq bizim fikrimizdir”.
Qeyd olunub ki, “Dina” 3 ayından xüsusi oyun meydançasında təlimlər keçib. 18 ayından sonra isə müxtəlif növ partlayıcı qurğuların aşkar edilməsi bacarığına yiyələnib. Akkreditasiyadan keçdikdən sonra bələdçisi ilə sahə əməliyyatlarına cəlb olunub. “Dina” yanvar ayından öldüyü günə kimi olan müddətdə, Ağdam, Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı rayonlarında 191, 927 kvadrat metr ərazinin mina və partlamamış hərbi sursatdan təmizlənməsində iştirak edib.

Bildirilib ki, minatəmizləmə əməliyyatlarında əsasən alman çoban iti və Belçika Malinua cinsindən olan itlərə üstünlük verilir. MAİ-lərlə istifadə olunan dil ingilis və holland dilləridir. İtlər 3 ayından etibarən onlar üçün ayrılmış xüsusi oyun meydançasında təlimlərə başlayır. 18 ayınadək müxtəlif növ partlayıcı qurğuların aşkar edilməsi bacarığına yiyələnir. Sonda akkreditasiyadan keçmiş MAİ və bələdçisi sahə əməliyyatlarına cəlb olunur. MAİ-lər işə cəlb edilməzdən əvvəl bütün tibbi amillər nəzərdən keçirilir və itin sağlamlığı barədə sertifikat əldə edilir. Əllə və mexaniki vasitələrlə təmizləmə əməliyyatları ilə birgə xüsusi təlim keçmiş minaaxtaran itlərin də ərazilərin minalardan təmizlənməsində və insan həyatının xilas edilməsində rolu əvəzsizdir. Minaaxtaran itlər təmizləmə əməliyyatlarında, texniki tədqiqatda, şübhəli sahələrin qısaldılmasında, mexaniki yolla yoxlanılmış sahələrdə aparılan keyfiyyətə nəzarət prosedurlarında istifadə olunur:

“Dina” və onun həmcinslərinin hər biri gün ərzində 4-6 saat arasında aktiv işə sərf edildiyi zaman relyefdən, gündəlik özünü aparmasından asılı olaraq 600-700 kvadrat metrdən 2000 kvadrat metrədək ərazini minalardan təmizləyir. Nəzərə alsaq ki, bir əraziyə 10 mina təmizləyən it cəlb olunub, onların bir ay ərzində nə qədər böyük iş gördüyünü bilmək olar”.

A. Hüseynov, “Dina”nın ölümündən məyus olduqlarını bildirib:

“Dina” bizim ən sədaqətli dostumuza, gündəlik yoldaşımıza çevrilmişdi. Hər kəs, qrupun üzvləri məyusdur. Bu, bir tərəfdən də qürurvericidir. “Dina” insan həyatını qurtardı”.

Qeyd edək ki, ötən gün “Dina” adlı minatəmizləyən it Qubadlıda minaya düşərək ölüb. Onun bələdçisi ANAMA-nın əməkdaşı, 1984-cü il təvəllüdlü Nəcməddin Hüseynov yüngül dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Qubadlı rayon prokurorluğunda araşdırma aparılır.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir