44 günlük Vətən müharibəsində qazandığımız tarixi qələbədən sonra əzəli torpaqlarımıza qayıtmışıq. Ancaq 30 ilə yaxın müddət ərzində ərazilərimiz yağı düşmən tərəfindən dağıdılıb, tikililər yerlə yeksan, təbiət isə məhv edilib. Azərbaycan xalqı kimi, onun maddi-mədəni və tarixi irsi də soyqırımına məruz qalıb. Artıq Azərbaycan əzəməti ilə qədim yurduna əbədi olaraq qayıdıb və yaralarını da elə özü sarıyıb sağaldır. Mənfur düşmən isə həmişəki ampluasındadır və artıq müharibə iki ilə yaxındır ki, informasiya sahəsinə keçid alıb.
Əlbəttə, Azərbaycan informasiya müharibəsində də düşmənin cavablarını lazımi şəkildə verir və haqq səsimizin dünya ictimaiyyətinə çatdırılması üçün müxtəlif vasitələrdən istifadə edirik. Məhz dövrün tələblərindən biri olan sosial medianın gücünü gözardı etmək olmaz və aidiyyəti qurumlar da bu sahədə təbliğat işlərini davam etdirir. Bütün bunların fonunda ötən gün dünyanın 20-dən çox ölkəsindən 40 nəfərə yaxın beynəlxalq səyahətçinin Qarabağ və Şərqi Zəngəzura üç günlük səfəri təşkil edilib.
“Report”un sözügedən səfərdən reportajını təqdim edirik.
Səfərin ilk günü beynəlxalq səyahətçilər Ağdam və Azərbaycanın mədəniyyət paytaxtı Şuşada olublar. Məqsəd isə 30 il ərzində viran qoyulmuş Azərbaycanın tarixi ərazilərindəki acınacaqlı mənzərəni səyyahların gözü ilə dünyaya göstərmək və qısa zamanda görülən quruculuq işləri barədə onlara məlumat verməkdir. Təəccübləndirilməsi çox çətin olan bu insanlar məhz uzun müddətdir ki, dünyanı mütəmadi olaraq gəzib, bunu özünə hobbi edənlərdir. Əsasən də, konfliktlərin hökm sürdüyü torpaqlara üz tutan bu səyyahlar üçün qeyri-adi, yeni bir şey göstərib onların üzündə təəccüb və təəssüf hissini yaratmaq isə qəliz məsələdir. Amma onlar bir zamanlar yaşayış məskənləri olan yerlərin tamamilə məhv, darmadağın və yerlə yeksan edildiyini gördükcə öz təəccüblərini gizlədə bilmirdilər. Erməni vəhşiliyi onların mimikasını dəyişmiş, gördükləri onları heyrətə gətirmişdi.
Bir çoxları “neçə ölkəyə səfər etmisiniz?” sualımıza “bütün dünyanı gəzmişəm” deyə cavab verib. Lakin erməni vəhşiliyi, vandalizmi bütün dünyanı gəzən, kəşf edən insanlarda belə, təəccüb, təəssüf və ya adını qoya bilmədiyimiz bir çox başqa hissləri yaratmağı bacarıb. Çünki müharibə tək Azərbaycan xalqı ilə yox, onun tarixi, mədəniyyəti, dini – bir sözlə, bütün varlığı ilə aparılıb. Bunun adı nədir?! Azərbaycan soyqırımına, təcavüzə, haqsızlığa məruz qalmasına baxmayaraq, öz gücü hesabına əzəli torpaqlarına qayıtmağı bacardı. İllər ərzində Azərbaycanın məruz qaldığı ikili standartlar bu gün də qalmaqdadır.
Bu üç gün ərzində onları heyrətləndirən nə qədər “sürpriz”lərin olduğunu artıq hər birimiz təxmin edə bilərik.
Azərbaycanın ən böyük silahı yenə səbirdir. Çünki işğal illərində bir gün belə ümidini, inamını itirmədən haqq üçün mübarizə aparan xalq və dövlət həmrəyliyi öz gücünü həmişə göstərəcək. Necə ki, Vətən müharibəsində göstərdi…
Qeyd edək ki, sentyabrın 8-dən etibarən dünyanın 20-dən çox ölkəsindən 40-a yaxın beynəlxalq səyahətçinin işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb. Beynəlxalq səyahətçilər üç gün ərzində Şuşa-Ağdam, Xocavənd-Füzuli, Zəngilan-Cəbrayıl marşrutları üzrə hərəkət edirlər. Bu gün (sentyabrın 10-da) başa çatacaq səfər işğaldan azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılması baxımından müstəsna əhəmiyyət daşıyır.
Heyətin rəhbəri dünyanın ən nəhəng dörd səyyah klubundan biri olan ABŞ-ın MTP (Most Travelled People) klubunun təsisçisi Şarl Veley olub.
www.RIA24.az