“Sentyabrın 12-dən 13-nə keçən gecə sərhəddə baş verənlər bir daha Ermənistanın sülhə necə hazır olduğunu və Brüsseldəki danışıqlara necə yanaşdığını göstərdi. Ona görə də Azərbaycan təhlükəsizlik zonası yaratmaqla Ermənistanın təxribatlarına son qoya bilər”.
Bunu “Report”a açıqlamasında ehtiyatda olan polkovnik Üzeyir Cəfərov deyib.
Onun sözlərinə görə, baş verən təxribatların kimin tapşırığı olduğu tam mənzərəsi ilə ortadadır:
“Ermənistan baş naziri tərəfindən kimlərə zəng olunduğu, kimlərə hesabat verildiyini müşahidə etdik. Bir sözlə, məsələnin arxasında kimlərin dayandığı gün kimi aydındır. Regionda marağı olan qüvvələr Ermənistandan istifadə etməklə onu Azərbaycana qarşı təxribatlar törətməyə sövq edirlər. Nədənsə, bəyanatlar verən ABŞ departamentinin rəsmiləri, Rusiya, həmçinin Fransa özlərinə sual vermirlər ki, 44 günlük müharibədən sonra Ermənistan əsgərinin Azərbaycan torpaqlarında nə işi var?! Niyə Ermənistan hərbi qulluqçuları Azərbaycan ərazisində təxribat törədir, mina basdırır, atəş açırlar?! Hətta Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri bölgələrdən də Azərbaycan mövqeləri atəşə tutulur və buna Rusiya Federasiyası çox sakit reaksiya verir. Axı 2020-ci ilin noyabrındakı Üçtərəfli Bəyanatda açıq şəkildə bütün bunlar yazılıb və bu gün də həmin müddəaların bir neçəsi yerinə yetirilməmiş qalır. Necə olur ki, Paşinyan öz imzaladığı sənədə hörmət qoymur və beynəlxalq ictimaiyyəti aldadır?! Ona görə də bu təxribatlar nə birincidir, nə də sonuncu olacaq”.
Ü.Cəfərov vurğulayıb ki, Ermənistan daim bölgədə marağı olan qüvvələrin maşası olub və bu, heç vaxt dəyişməyəcək:
“Azərbaycan isə Ermənistanın bu illər ərzində özünü necə apardığını çox gözəl bilir. Ona görə də təhlükəsizlik zonası, yəni “bufer zona” mütləq şəkildə yaradılmalıdır. Ermənistan başa düşməlidir ki, Azərbaycan bundan sonra hansısa özbaşınalıqlara heç bir halda imkan verməyəcək. Hesab edirəm ki, “bufer zona” elə bir şəkildə yaradılmalıdır ki, orada Ermənistan Azərbaycanın həm sərhədçilərinə, həm hərbçilərinə, həm də hərbi infrastrukturuna təhlükə yaratmasın. Təhlükə yaratmaq istədiyi təqdirdə isə bunun Ermənistan üçün hansı acı nəticələrlə bitəcəyini dərindən anlasın”.
www.RIA24.az