Son bir ay ərzində Ermənistan silahlı qüvvələri dövlət sərhədinin Laçın və Kəlbəcər rayonları istiqamətində müxtəlif vaxtlarda təxribatlar törədiblər. Azərbaycan Ordusunun həmin ərazilərdəki mövqeləri müxtəlif çaplı silahlardan atəşə tutulub. Hətta bir neçə dəfə Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qruplarının Azərbaycan Respublikasının ərazisinə sızma cəhdləri müəyyən edilərək qarşısı alınıb. Bundan əlavə, Ermənistanın Azərbaycan sərhədləri boyunca hücum təyinatlı silahları, ağır artilleriya vasitələrini və şəxsi heyəti cəmləşdirməsi müşahidə olunub. Son olaraq ötən gecə Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində Ermənistan genişmiqyaslı təxribat törədib.
Məsələyə münasibət bildirən Gürcüstan parlamentinin sabiq deputatı Azər Süleymanov Oxu.Az-a açıqlamasında qeyd edib ki, Ermənistan bütün sülh yollarını bağlayıb:
“Azərbaycan bu məsələni kökündən həll etməlidir. 30 ildə problem sülhlə həll olunmadı. Ermənilər üçün bir yol var, o da müharibə yoludur. Bütün dünya Qarabağın Azərbaycan torpağı olduğunu artıq qəbul edir. Ermənistanın özü də heç bir halda rəsmi şəkildə Qarabağı Ermənistan torpağı kimi tanımır. Milyarder Vardanyanın Xankəndiyə getməsi bir aya yaxındır ki, bizi narahat edir. Azərbaycan hökumətinin əsası var ki, bu gün onu terrorçu hesab edərək həbs etsin. Çünki onun Xankəndiyə gəlməkdəki məqsədi Azərbaycanda qeyri-sabitlik yaratmaqdır. Amma mümkün olmayacaq”.
Müsahibimiz bölgədəki gərgin vəziyyət səbəbilə Gürcüstanın da narahatlıq keçirdiyini deyib:
“Biz Azərbaycan Ordusunun gücünə inanırıq. Bu gün gürcü mətbuatından da yenidən müharibənin olub-olmayacağı barədə çoxsaylı suallar verildi. Hər kəs bilməlidir ki, Azərbaycan heç vaxt heç bir qonşusu ilə müharibəyə başlamaq istəməz. Azərbaycan xalqı sülhsevər bir xalqdır. Amma bir qarış torpağımızı da heç kimə vermərik. Gürcüstanda yarım milyon azərbaycanlı var, Azərbaycan Prezidentinin hər bir çağırışına biz də hazırıq.
Artıq bu məsələni kökündən həll etmək lazımdır, heç bir sülhə gedilməməlidir. Xankəndidə və ya Azərbaycanın hansısa digər bir bölgəsində qalan ermənilərin hamısı ya oradan çıxmalıdır, ya da Azərbaycan bayrağı altında sülh içində yaşamalıdırlar. Bunları bir siyasətçi kimi demirəm, azərbaycanlı kimi deyirəm. 30 ildə xalq ermənilərdən bezdi. Biz torpaqlarımızı azad etmək istəyirik. Ordumuza qələbə arzulayıram”.
Sayad Həsənli
www.RIA24.az