“Ermənistan və Azərbaycan sərhədində baş verən insident ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Filip Rikerin İrəvana səfərinin birbaşa nəticəsidir”.
Oxu.Az-ın məlumatına görə, bunu rusiyalı politoloq, jurnalist və ictimai xadim Maksim Şevçenko özünün “Telegram” kanalında Azərbaycan-Ermənistan sərhədində vəziyyətin kəskinləşməsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, bu məsələdə həmrəy olan amerikalılar və fransızlar dünyanın əsas strateji regionunda – Cənubi Qafqazda – vəziyyətə nəzarəti itirdikləri üçün son dərəcə narahatdırlar.
“Onlar regionda sabitliyi pozmaq üçün ABŞ və Fransanın erməni diasporu vasitəsilə fəaliyyət göstərirlər. Milyarder Vardanyanın ABŞ və Fransanın müdaxiləsi zərurəti ilə bağlı bütün hədyanları (o, əslində, Aİ ilə danışıb, amma bu məsələdə onlar eynidir) real eskalasiya üçün müqəddimə idi”, – deyə politoloq əlavə edib.
Şevçenko Fransanın vəzifəsinin sərhədlərin bütün perimetri boyunca Türkiyə üçün problem yaratmaq olduğunu vurğulayıb.
“Türkiyə artıq Suriya və İraqda döyüşür, Fransanın birbaşa dəstəklədiyi Yunanıstanla müharibənin bir addımlığındadır. ABŞ Rusiya-Türkiyə ittifaqının arasını vurur. Ermənistan KTMT-yə çağırış edir və Rusiyanı münaqişəyə cəlb etməyə çalışır”, – bildirən ekspert Ermənistanla Azərbaycan arasındakı münaqişənin Türkiyəni də Ankaranın arxa planda hesab etdiyi bölgəyə cəlb etmək məcburiyyətində qoyduğunu deyib.
Onun sözlərinə görə, Rusiya və Türkiyə isə münaqişə istəmirlər, onların birliyi hər iki ölkəyə aşkar fayda gətirir.
M.Şevçenko həmçinin vurğulayıb ki, ABŞ və Fransanın erməni diasporu növbəti dəfə Qərbin maraqlarına uyğun olaraq Ermənistan dövlətinin xalqı haqqında spekulyasiyalar aparmağa, Ermənistan ermənilərini (Fransa və ya Amerika deyil) təhlükə altına qoymağa, onları girov və qurbanlara çevirməyə çalışır.
“Bu diasporun Rusiyadakı agentləri işi elə təqdim etməyə çalışırlar ki (tok-şoular və KİV vasitəsilə), guya Rusiya “Qarabağ klanı”ndan olan tərəfdaşlarının maraqları naminə Paşinyanı “devirir”. Bunun yalan olduğuna əminəm”, – deyə o bildirib.
Politoloq bunun heç də Rusiyanın maraqlarına uyğun olmadığını, Putin və Paşinyanın hər şeyi birbaşa razılaşdıra biləcəklərini qeyd edib.
“Qlobal Ermənistan diasporunun məqsədi Rusiya və Türkiyəni münaqişəyə cəlb etmək, həmçinin ABŞ və Fransanın Cənubi Qafqaz siyasətində iştirakını aktuallaşdırmaq üçün presedent yaratmaqdır”, – deyə Şevçenko sözlərini yekunlaşdırıb.
www.RIA24.az