“Vətən Müharibəsindən sonra, ikinci dəfə bölgənin hərbi-strateji xəritəsi dəyişdi” – RƏY + FOTO

Müharibə

“Vətən Müharibəsindən sonra, ikinci dəfə bölgənin hərbi-strateji xəritəsi yenidən dəyişdi”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

“Azərbaycan ordusunun 7 saatlıq əməliyyatı yalnız Azərbaycanın sərhəd rayonlarını yox, bütövlükdə Cənubi Qafqazdakı sülh və əməkdaşlıq perspektivini sonrakı uzun bir dövr üzrə erməni təhlükəsindən xilas etdi. Belə ki, Azərbaycan əsgəri Ermənistanın təxribat cəhdinə cavab olaraq əks həmlə ilə sərhədboyu istiqamətində qurduğu bütün hərbi təyinatlı obyektləri darmadağın edərək İrəvanın nəinki yenidən hücum, ümumilikdə müdafiə qabiliyyətini iflic etdi”, – deputat qeyd edib.

B.Məhərrəmov bildirib ki, çox mürəkkəb bir relyefdə yerləşən hərbi infrastrukturları bərpa etmək üçün normalda Ermənistana bir neçə il vaxt lazımdır:

“Ermənistan mövcud iqtisadi durumla yenidən ən azı eyni səviyyədə hərbi obyektlər qurmaq iqtidarında deyil. Hətta, hansısa havadarlarından yardım almaq imkanları yaransa belə, bölgəyə və əməliyyat şəraitinə nəzarət edən Azərbaycan beynəxalq hüquqda təsbit olunmuş özünümüdafiə hüququnu rəhbər tutaraq İrəvanın yenidən bu ərazilərdə möhkəmlənməsinə imkan verməyəcək. Bu isə Vətən Müharibəsindən sonra, ikinci dəfə bölgənin hərbi-strateji xəritəsinin yenidən dəyişməsi deməkdir. Daha konkret desək, əgər 44 günlük savaşla Azərbaycan regionda aşkar liderə və yeganə hərbi-siyasi gücə çevrildisə, 7 saatlıq savaş isə Ermənistanın indi və gələcəkdə Azərbaycana qarşı hər hansı təhlükə törədə bilmə ehtimalını heçə endirdi”.

Deputatın sözlərinə görə, Azərbaycan əks həmlə ilə bütün dünyaya göstərdi ki, Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, heç bir zəng, heç bir havadar, heç bir bəyanat ölkəmizi öz suveren hüquqlarından çəkindirə və dayandıra bilməz.

“Bu mənada 7 saatlıq savaşın nəticəsində formalaşan yeni hərbi-siyasi reallıq dialoq ritorikasına ciddi təsir edəcək. Daha dəqiq desək, artıq yekun sülh sazişinin hazırlanması üzrə danışıqlar masasında sülhə məcbur edilmiş Ermənistanın yeni obrazını görəcəyik. Çünki, ən yumşaq formada ifadə etsək, Ermənistan buna məhkumdur”, – B.Məhərrəmov əlavə edib.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir