“Adətən Azərbaycan və Ermənistan siyasi rəhbərləri arasında görüşdən sonra sərhəddə təxribatlar olur. Analoji təxribatların bundan sonra da təkrarlanma ehtimalı böyükdür”.
Bunu “Report”a açıqlamasında siyasi şərhçi Orxan Amaşov deyib.
“İrəvanın bu cür eskalasiyalara əvvəlcədən hazırlıq görməsi ilə bağlı Azərbaycanın kifayət qədər tutarlı sübutları var. Brüssel görüşündə sülh sazişinin ilkin versiyasının sentyabrın 30-dək hazırlanması barədə razılıq əldə olunmuşdu. Ermənistan həmişə belə tarixləri uzatmağa çalışır. Qarşı tərəf anlayır ki, müqavilənin indi imzalanması Ermənistan daxilindəki müxalifətin və bunu istəməyən qüvvələrin marağına cavab verməyəcək. Ona görə də rəsmi İrəvan eskalasiyalar vasitəsilə sülh müqaviləsinin vaxtını uzatmağa çalışır. Hakimiyyət göstərməyə çalışır ki, hazırda sülh müqaviləsi üçün münbit şərait yoxdur”.
Ekspert düşünür ki, təxribatlara son verməyin əsas şərtlərindən biri sərhədlərin müəyyənləşməsidir:
“Sərhədlərin delimitasiyası baş tutmadıqca provokasiyalar təkrarlana bilər. Ermənistan Azərbaycanın onların ərazisinə keçdiyini iddia edir. Halbuki indiyədək sərhədlər müəyyənləşməyib. Və bu proses reallaşmadıqca suveren hüquqlar müəyyənləşməyəcək. Azərbaycan düşmən təxribatlarına cavab olaraq özünü müdafiə hüququndan istifadə edib. Bu kontekstdə Ermənistan ərazisində olan legitim hərbi obyektlər də vurula bilər. Beləliklə, rəsmi Bakının addımları hüquqi və hərbi nöqteyi-nəzərdən doğrudur. Nəzərə çatdırım ki, İrəvanın əsas məqsədlərindən biri də beynəlxalq aktorları prosesə cəlb etməkdir. KTMT-nin proseslərə cəlb edilməsi üçün isə real əsaslar yoxdur”.
O.Amaşovun fikrincə, hazırda baş verən hadisələri 2020-ci ildə baş vermiş Tovuz döyüşləri ilə müqayisə etmək olar:
“Məlumdur ki, tərəflərin maraqları fərqlidir. Biz ən qısa müddətdə, şərtlərimizə uyğun sülh müqaviləsinin imzalanmasını istəyirik. Ermənistan isə bunda maraqlı görünmür. Çünki Ermənistan hakimiyyəti bunu Qarabağın itirilməsi kimi qiymətləndirir. Halbuki Qarabağ heç vaxt Ermənistanın olmayıb. Bu torpaqlar bizim tarixi ərazilərimizdir. Qarabağ Azərbaycanın daxili məsələsidir. Bu qanlı hadisələr baş nazir Nikol Paşinyana imkan yaradır ki, o, sülh müqaviləsinin qaçılmazlığını müxalifətə izah etsin”.
www.RIA24.az