“Ermənilərin diversiya qrupları təxribat törətməyə cəhd göstərdilər, layiqli cavablarını aldılar” – RƏY + FOTO

Müharibə

“Sentyabrın 12-də Ermənistan ordusunun diversiya qrupları genişmiqyaslı təxribat törətməyə cəhd göstərdilər və layiqli cavablarını aldılar”.

Bunu “Report”a açıqlamasında 44 günlük Vətən müharibəsində Xüsusi Təyinatlı Qüvvələrdə (XTQ) xidmət etmiş üçüncü dərəcəli əlil olan qazi, Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyinin Qəbələ regionu üzrə sədri Rəfail Nuriyev deyib.

Onun sözlərinə görə, erməni təxribatlarının qarşısını almaq üçün Azərbaycan Ordusunun böyük potensialı var:

“Azərbaycan Silahlı Qüvvələrinin bugünkü texniki təminatı – istər müasir növ silahlarla təminatı, istərsə də maddi-mənəvi təminatı çox yüksək səviyyədədir. Bunu tək Azərbaycan xalqı yox, bütün dünya görüb. Azərbaycan əsgərinə diqqət və qayğı da yüksək səviyyədədir. Azərbaycan əsgəri döyüş mövqelərində, döyüş sahəsində yüksək peşəkarlıq nümayiş etdirir. Azərbaycan Ordusu tərəfindən hər bir şəhidimizin qisası alınıb və alınmaqdadır. Təbii ki, bütün təxribatların qarşısı artıqlaması ilə alınmalıdır, şəhidlərimizin qanı yerdə qalmamalıdır. Müdafiə Nazirliyinin yaydığı, sosial şəbəkələrdə və xəbər portallarında yayılan videoçarxlardan da görmək olur ki, şəhidlərimizin qisası artıqlaması ilə alınır və şəhidlərimizin qanı yerdə qalmır”.

R.Nuriyev bildirib ki, Azərbaycan Ordusunda 25 il xidmət edib və həmin xidmətin 22 ilini xüsusi təyinatlı dəstələrin tərkibində davam etdirib:

“Vətən müharibəsində Şuşada gedən döyüşlərin şiddətli vaxtında yaralanmışam. Dövlətin qayğısını hər zaman hiss etmişəm”.

Qazi hazırda 3 saylı Dost Mərkəzində çalışdığını vurğulayıb:

“Yaxın günlərdə evlə də təmin olunacağam. Bu günədək haraya getmişəmsə, harada olmuşamsa, Vətən müharibəsi iştirakçılarına, qazilərə dəstək göstərildiyini görmüşəm. Vətən müharibəsi iştirakçılarımız, qazilərimiz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tərkibində özünəməşğulluq fəaliyyətinə cəlb olunurlar. Onlara hər zaman qayğı göstərilir. Sosiallaşmaq, yenidən cəmiyyətə qaynayıb-qarışmaq üçün hər cür dəstək göstərilir və şərait yaradılır. Prezidentin hər zaman dediyi kimi, qazilərə, şəhid ailələrinə, müharibə veteranlarına diqqət və qayğı ən yüksək səviyyədə olmalıdır. Heç bir məmur onları incitməməlidir”.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir