“Kaspi”: Türkiyə-İsrail münasibətlərinin yaxşılaşması Azərbaycana nə vəd edir? – FOTO

Müharibə

Yaxın Şərqin iki güclü dövləti arasında diplomatik münasibətlərin istiləşməsi artıq iqtisadi əlaqələrə də öz təsirini göstərməkdədir. Bu ilin ilk 7 ayında ikitərəfli ticarət keçən ilin eyni dövründəki 3,3 milyard dollardan 4,2 milyard dollara çatıb. İlin sonuna kimi ticarət dövriyyəsinin təxminən 8 milyard dollara çatacağı proqnozlaşdırılır. 

Türkiyə-İsrail münasibətləri həm hər iki ölkənin xarici siyasəti, həm də beynəlxalq münasibətlər sistemi baxımından diqqət mərkəzində olan mövzulardan biridir. Təqdirəlayiq haldır ki, Yaxın Şərqin iki fövqəldövləti arasında diplomatik münasibətlərin istiləşməsi artıq iqtisadi əlaqələrə də öz təsirini göstərməkdədir.

“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Son 20 ildə bir neçə dəfə iki ölkə arasında dünya mətbuatında rezonans doğuran diplomatik qalmaqallar yaşanıb. Lakin buna baxmayaraq, ölkələr artıq əməkdaşlıq etmək qərarına gəlib. Bunun da bir neçə səbəbi var. Birincisi, Türkiyə yalnız İsraillə deyil, bütün region ölkələri ilə münasibətlərini korrektə etməyi qərara alıb. Bu minvalla Türkiyə Misir, Səudiyyə Ərəbistanı, BƏƏ, İsrail, hətta Suriya ilə indiyədək olan gərgin münasibətlərini qarşılıqlı əməkdaşlıq zəmininə daşımağı hədəfləyir. Ən əsası, Türkiyə Şərqi Aralıq dənizinin dibindəki qazdan öz payını götürmək üçün İsrail başda olmaqla bütün region ölkələri ilə əlaqələrini yaxşılaşdırmaq niyyətindədir. Beləliklə, Türkiyə-İsrail münasibətlərinin normallaşması heç də rəsmi Ankaranın və ya Təl-Əvivin geri addım atması kimi yox, mövcud geosiyasi konyunkturanın dəyişməsi və bu dövlətlərin maraqlarının uzlaşması kimi şərh edilə bilər.

Türkiyənin ilk 10 böyük ticarət tərəfdaşından biri

İsrail ilə Türkiyə arasında iqtisadi və ticarət münasibətlərini analiz edən nüfuzlu ingilisdilli “Al-Monitor” qəzeti qeyd edir ki, 2010-cu ildə “Mavi Mərmərə” hadisəsindən sonra ölkələr arasında münasibətlərin gərginləşdiyi onillikdə iqtisadi əlaqələr minimal zərər görüb və ikitərəfli ticarət çox cüzi azalıb. 2011-ci ildə Türkiyənin İsrailə ixracı 2,3 milyard dollar, 2015-ci ildə 2,6 milyard dollar, 2020-ci ildə isə 4,6 milyard dollar təşkil edib. İsraildən Türkiyəyə 2011-ci ildə 2 milyard dollarlıq, 2015-ci ildə 1,6 milyard dollarlıq, 2020-ci ildə isə 1,5 milyard dollarlıq ixrac edilib. Diplomatik münasibətlərin korlanması Türkiyəyə israilli turistlərin axınına mənfi təsir göstərib. Digər sektorlarda artım müşahidə olunmasa da, demək olar ki, heç bir dəyişiklik baş verməyib. Amma indi normallaşmanın ikitərəfli ticarətə təsirinin ciddi olacağı gözlənilir. Bu yaxınlarda açıqlanan rəqəmlər İsrailin Türkiyənin ilk 10 ticarət tərəfdaşından biri olduğunu göstərir. Türkiyə Ticarət Nazirliyi bildirib ki, bu ilin ilk 7 ayında ikitərəfli ticarət keçən ilin eyni dövründəki 3,3 milyard dollarla müqayisədə təxminən 4,2 milyard dollara çatıb. İsrail-Türkiyə Ticarət Palatasının rəhbəri Qad Şuşan ticarət dövriyyəsinin 2022-ci ildə təxminən 8 milyard dollara çatacağını gözləyir: “2023-cü ildə ticarətin yeni sahələrinin meydana çıxması daha çox nəzərə çarpır”. Hazırda ikitərəfli ticarət balansı Türkiyənin xeyrinədir, 80 faizi Türkiyənin İsrailə ixracıdır. Bunlar, əsasən, Türkiyənin “Renault”, “Toyota” və “Volkswagen” zavodlarında istehsal olunan avtomobillər, tikinti üçün böyük miqdarda sement, dəmir və şüşədir. İsrailsə Türkiyəyə kənd təsərrüfatı avadanlıqları, o cümlədən damcı suvarma sistemləri və istixanalar, neft məhsulları və bərpa olunan enerji istehsalı üçün avadanlıq ixrac edir.

İki dövlət arasındakı gərginlik ticarətə ciddi təsir etməyib

Şuşan qeyd edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin İsrailə ixracına mane olmamaq üçün strateji qərar verən müdrik adamdır: “Biz Türkiyənin mal ixrac etdiyi ölkələr arasında səkkizinci yerdəyik. Eyni zamanda, bir qayda olaraq, Türkiyə ictimaiyyəti İsrailə qarşı deyil. Hətta “Mavi Mərmərə” hadisələrinin qızğın vaxtında mən bütün Türkiyəni gəzdim və heç bir mənfi cavab almadım”. 2010-cu ildə “Mavi Mərmərə” hadisəsi iki ölkə arasında münasibətlərdə böhrana səbəb olmuş, ölkələrin səfirləri geri çağırılmışdı. Yalnız 2016-cı ildə İsrail qurbanların yaxınlarına təzminat ödəməyə razılaşdı. Lakin o zaman da iki ölkə arasında münasibətlər soyuq qaldı, yaxşılaşma yalnız bu il baş verdi. “Buzların əriməsi” İsrail Prezidenti Yitzhak Hersoqun bu ilin martında Ərdoğanla görüşmək üçün Ankaraya səfəri ilə başlayıb.

İsrail aviaşirkətləri Türkiyəyə uçuşlarını bərpa edir

Şuşan və digərləri hesab edirlər ki, münasibətlərdəki “buzların əriməsi” ticarətdə, xüsusən də İsrailin Türkiyəyə ixracı ilə bağlı kəskin artıma səbəb olacaq: “Gözləyirik ki, gələn il diplomatik münasibətlərin istiləşməsi ilə paralel olaraq İsrailin Türkiyəyə ixracında, o cümlədən “ağıllı” kənd təsərrüfatı texnologiyalarının ixracında artım müşahidə edəcəyik”.

Şuşan əlavə edib ki, İsraildən Türkiyəyə vanilin yetişdirilməsi üçün xüsusi istixanaların ixracının artması da gözlənilir. İsrail şirkəti tərəfindən istehsal edilən və baxımı həyata keçirilən istixanalar artıq Türkiyədə istifadə olunmağa başlayıb və onların idxalının xeyli artacağı gözlənilir. Digər vacib sahə suyun təmizlənməsidir. Türkiyədə içməli suyun təmizlənməsi, həmçinin çirkab suların təmizlənməsi və kənd təsərrüfatında istifadəsi kimi texnologiyalar yoxdur. Digər mühüm sahə turizmdir. Sentyabrın 4-də İsrail Nazirlər Kabineti İsrail aviaşirkətlərinin Türkiyəyə uçuşlarının bərpasına dair saziş layihəsini təsdiqləyib. Bu, iki ölkə arasında turist axınını əhəmiyyətli dərəcədə artırmalıdır. 

Azərbaycanın da maraqlarına uyğun olan əməkdaşlıq

Yeri gəlmişkən, Türkiyə-İsrail münasibətləri Azərbaycanı da yaxından maraqlandırır. Türkiyə ilə İsrail arasında münasibətlərin yaxşı olmaması Azərbaycanı narahat edirdi. Azərbaycan həm İsrail, həm də Türkiyə ilə güclü əlaqələri olan nadir ölkələrdən biridir. Rəsmi Bakı müxtəlif ölkələr arasında sülh prosesinə dair əlverişli mühit yarada biləcək potensialının olduğunu da nümayiş etdirib. Bakı yəhudi dövlətinə neft, İsrail isə Azərbaycana silah tədarük edir. Hər iki ölkənin Cənubi Qafqazda ciddi strateji maraqları var.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir