“Azərbaycan Ordusunun apardığı sonuncu döyüş unikal hərbi əməliyyatdır. Bunu Şuşa şəhərinin işğaldan azad edilməsi əməliyyatı ilə eyniləşdirirəm”.
Bu sözləri “Report”a açıqlamasında hərbi ekspert Ramil Məmmədli deyib.
Onun sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələrinin düşmənə qarşı dəniz səviyyəsindən üç min metrə qədər yüksəklikdə olan ərazidə bir neçə istiqamətdə əməliyyatlar aparması olduqca diqqətəlayiqdir:
“Bu cür əməliyyatlarda daha çox hərbi aviasiya vasitələrindən istifadə olunur, eyni zamanda, təəssüf ki, canlı itki həddindən çox ola bilər. Lakin düşmən tərəflə müqayisədə dəfələrlə az itki ilə bu cür hərbi əməliyyatın yüksək səviyyədə keçirilməsi döyüş taktikasının müəlliflərinin, həmçinin döyüşçülərimizin peşəkarlığından xəbər verir. Bütün bu yaşananlar deməyə əsas verir ki, Azərbaycan Ordusunun döyüş hazırlıqları daim yüksək səviyyədədir. Burada qazanılan uğur təkcə xüsusi təyinatlı qüvvələrlə deyil, eyni zamanda komando hərbi birləşmələrinin yaradılması ilə ordumuzda peşəkar döyüş apara biləcək bölmələrin sayının artırılması ilə bağlıdır”.
Ekspert vurğulayıb ki, ümumiyyətlə Azərbaycan Silahlı Qüvvələri son 10 ildə sözün əsl mənasında bütün qoşun növlərində öz peşəkarlığını artırıb və gücləndirib:
“Bu da silahlı qüvvələrin döyüş hazırlığına müsbət mənada təsir edib. Əgər belə olmasaydı, Azərbaycan Ordusu həm Vətən müharibəsində, həm də Vətən müharibəsindən sonra keçirilən əməliyyatlarda effektiv döyüş əməliyyatlarını apara bilməzdi. Yaxın döyüş aparılması bacarığı da yalnız və yalnız uzun müddət ağır təlimlər nəticəsində qavranıla biləcək döyüş bacarığıdır. Hansı ki, son əməliyyatda şəhid, yaralanan zabit və əsgərlərimizin əsasən güllə yarasına tuş gəlməsi yaxın məsafədə döyüşün baş verməsindən xəbər verir. Bu fakt bir daha ordumuzun qüdrəti və peşəkarlığını gözlər önünə sərir”.
www.RIA24.az