Suqovuşan uğrunda canından keçən şəhid Əzəmi Hüseynov haqqında sənədli film çəkiləcək

Müharibə

Suqovuşan uğrunda canından keçən şəhid Əzəmi Hüseynov haqqında sənədli film çəkiləcək.

Bu barədə Sonxəbər.az-a açıqlamasında “İstehlakçıların Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin sədri Emil Əkbərov məlumat verib. 

Onun sözlərinə görə, film Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə iki aylıq layihə çərçivəsində hazırlanacaq: 

“Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı təxribatını dəf edərkən, torpaqları düşmən tapdağından xilas edərkən şəhid olan Əzəmi Hüseynov təkcə Mingəçevir üçün deyil, bütün Azərbaycan gəncliyinə nümunədir. 

Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində 44 günlük Vətən müharibəsində qazanılan tarixi zəfər xalqımızın yaddaşında sonsuz fəxarət və qürur hissləri ilə əbədi yaşayacaqdır.

Doğma Qarabağımızı işğaldan azad edərək otuz illik yurd həsrətinə son qoyan cəsur zabit və əsgərlərimiz canları və qanları bahasına yeni tariximizin şanlı səhifələrini yazdılar. Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canını fəda etmiş qəhrəman şəhidlərimizdən biri də Əzəmi Hüseynovdur. Daşıdığı adın haqqını verən, Şuşa həsrəti ilə böyüyən Ə.Hüseynov 1992-ci il avqustun 29-da Mingəçevir şəhərində anadan olub. 

Əzəminin ailəsi 1992-ci il mayın 8-də Şuşa şəhərinin erməni işğalına məruz qalması səbəbindən doğma yurdlarını tərk etməyə məcbur olmuş və Mingəçevirdə məskunlaşmışdır. 2020-ci ilin sentyabrın 27-də Vətən müharibəsi başladığı gündən Ə.Hüseynov baş çavuş və sanitar təlimatçı kimi ordu sıralarına qoşulub. O, oktyabrın 8-də Suqovuşan uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə, göstərdiyi igidliyə və mərdliyə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən Ə.Hüseynov ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib”.

Qeyd edək ki, şəhid Əzəmi Hüseynov haqqında sənədli film “İstehlakçıların Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi tərəfindən çəkilən sayca 2-ci sənədli film olacaq.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir