Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan və xalqın rəğbətini, sonsuz sevgisini qazanan qəhrəmanlarımızdan biri barədə danışacağıq.
44 günlük haqq savaşımızda qəhrəmanlıqlar göstərən, öz canını doğma torpağımıza qurban verən, Vətənin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canını fəda etməklə adını tarixə yazdıran hərbçilərimizdən biri də Rövşən Nurzadədir.
Arayış: Rövşən Əli oğlu Nurzadə 1975-ci il martın 24-də Sumqayıt şəhərində anadan olub. Əslən Ağsu rayonundan olub. Atası Milli Dram Teatrının sənətçisi, xalq artisti Əli Nurdur. Rövşən orta məktəb dövründən hərbiyə marağı olub. O Azərbaycan Dövlət İQtisad Universitetində təhsil alıb.
Rövşən Nurzadə Hərbi Akademiyada təhsil aldıqdan sonra Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, Azərbaycan-Ermənistan təmas xəttində yerləşən “N” saylı hərbi hissədə “leytenant” rütbəsi ilə xidmətə başlayıb. 10 il xidmətindən sonra “baş leytenant” rütbəsi ilə ordudan tərxis olunub.
Azərbaycan ordusunun baş leytenantı olan Rövşən Nurzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycan ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı könüllü olaraq Cəbrayılın, Zəngilanın, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Rövşən Nurzadə noyabrın 6-də Şuşa döyüşləri zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub.
Oxu.Az-ın əməkdaşı şəhid atası Əli Nur ilə danışıb.
– Əli müəllim, oğlunuzun uşaq vaxtlarından hərbiyə marağının olduğunu dediniz. Bu haqda danışmağınızı istərdim.
– Rövşən şəhid olanda 45 yaşı var idi. O, uşaqlıqdan Vətənə məhəbbət ruhunda tərbiyə almış, ölkəsini sevən insan idi. 1991-ci ildə Qarabağ savaşı başlayanda Sumqayıtda 31 nömrəli tam orta məktəbin 9-cu sinifində oxuyurdu. Bir gün sinif yoldaşlarını başına yığaraq, onlara deyib ki, mənə xeyir-dua verin, döyüşə gedirəm. Bunu eşidən uşaqlar ona deyiblər ki, silahın olmadığı halda necə döyüşəcəksən?
Onlara Ağdama gedib silah tapacağını bildirib. Avtobusa minərək Ağdama yola düşüb. Rövşənin Ağdama getdiyini mənə məktəbin direktoru zəng edib xəbər verdi. Mən Saray postuna gəldim. Oradan polislərlə əlaqə saxlayaraq, bildirdim ki, “Sumqayıt-Ağdam avtobusu gələcək, o maşında Rövşən adlı bir 9-cu sinif şagirdi var, onu saxlayıb geri qaytarın. O hələ şagirddir, döyüş qabilliyyəti yoxdur”. Avtobusda onu saxlayıb hara getdiyini soruşanda deyib ki, “mən Ağdama xalamgilə gedirəm”. Şagird olmadığını, kollecdə oxuduğunu bildirib. Daha sonra bir mayor onu götürərək 31 nömrəli məktəbə gətirib, direktora təhvil vermişdi.
Rövşəm orta məktəbi bitirdikdən sonra hərbçi olmaq istədiyini bildirdi. Onun hərbiyə marağı bəlkə də oxuduğu kitablardan idi.
Hərbi məktəbi oxuduqdan sonra Rövşən Qarabağa getdi. Ağdamdakı hərbi hissədə 10 il bölük komandiri oldu. Mən özüm tez-tez onun yanına gedirdim. Mənə deyirdi ki, “əyil, ermənilər səni snayperlə vurarlar”. Ondan soruşurdum ki, “sən niyə əyilmirsən?”. Cavab verirdi ki, “mən komandirəm. Əyilməyim şərəfsizlik olar”. Sonra hərbidən ayrıldı və ikinci ali təhsil olaraq iqtisadiyyat üzrə oxudu.
– İkinci Qarabağ Müharibəsində könüllü iştirak edirdi?
– Vətən Müharibəsi başlayanda gördüm ki, Rövşən özündə deyil. İnsanlar arasında fərq yerdən-göyə qədər olur. Bir kişinin on oğlu ola bilər. Onun beşi, hətta doqquzu bacarıqsız, fərsiz ola bilər. Amma mütləq həmin on oğuldan biri od parçası, qeyrətli, namuslu, igid, xaraktercə möhkəm kişi olur. Rövşən elə uşaq idi. Əjdəha kimi idi. O qəhrəman doğulmuşdu.
Polad Həşimovun ölümü onu sarsdı. Onlar bir oxuyublar. Özündə deyildi. Komissarlıqla danışı. Deyib ki, torpaqlarımızı yağı düşməndən ancaaq biz xilas edə bilərik. Bizi nə vaxt aparacaqsınız? “Vətən bizi çağırır” onun devizi idi. 5 zabiti də özü ilə apardı.
Oktyabrın 18-i səhər gülə-gülə gəlib bizimlə görüşdü və getdi. Dedi ki, “mən cəbhəyə gedirəm”. Mən isə onun oğlanlarını götürdüm, Səfərbərlik Xidmətinin Yasamal rayon şöbəsinə gedib Rövşəni cəbhəyə yola saldıq.
– Hansı istiqamətdə döyüşürdü?
– İlk olaraq Füzulidə idi. Bir neçə gün sonra Cəbrayıldan, daha sonra isə Zəngilandan zəng etdi. Axırıncı dəfə Qubadlıda idi və dedi ki, Qubadlını almışıq. Noyabrın 2-də günorta zəng edib, onları Cəbrayıla apardıqlarını söylədi. Dedim ki, ay oğul axı siz Cəbrayılı almısız, yenidən niyə Cəbrayıla gedirsiz?
Noyabrın 5-də yaralanır. Ağrı kəsici vurur. Yenə də irəli gedir. Geri çəkilmir. Deyir ki, “mən Şuşaya girib, namazımı qılmalıyam. Əsgərlərinə deyirdi ki, “ölə də bilərik”. Sağ çiynindən dəyən güllə onu ürəyini zədələyir.
Yanındakı yoldaşına deyirmiş ki, “bizim ölməyə ixtiyarımız yoxdu”. Biz Azərbaycan bütövlüyü uğrunda vuruşmağa gəlmişik. Həmişə deyirdi ki, “ermənini bitirməliyik ki, gələcək nəsillərə maneçilik törətməsinlər”. Şəhidlik uca zirvədir. Hər insan ona çata bilmir.
Son danışığında dedi ki, “ata bizi yəqin harasa aparacaqlar, ona görə heç nə demirlər”.Yenidən hazırlıq keçəcəklərini də dedi. Axşama yenidən əlaqə saxladı, meşə boyunca Laçına tərəf irəlilədiklərini düşünürdük. Noyabrın 11-i onun şəhid olduğu xəbəri gəldi.
– Rövşənin ailəsi haqqında danışmağınızı istərdim.
– Rövşənin yoldaşı həkimdir. İki oğlu var. Oğlanlarından biri Türkyənin Ağdəniz Universitetinin turizm ixtisası üzrə təhsil alır. Digəri isə 8-ci sinifdə oxuyur. Rövşən tez-tez ailəsinə və bizə zəng edirdi. Övladları atalarının yoxluğuna alışa bilmir.
– Torpaqlarımızın işğaldan azad olunduğunu eşidəndə hansı hisləri keçirdiniz?
– Noyabrın 6 şəhid olub. Qələbəni heç bilmədim. Ayın 11-də şəhid olduğunu eşitdik. Çox ailəcanlı idi. Müharibəyə getməmişdən öncə qaça-qaça gəldi. Anası dedi nolub, “dedi yuxumda gördüm ki, atam ölüb”. Mənim ölümümü görmək istəmirdi. Şəhid olacağı ağlıma gəlməzdi.
Ancaq yuxularıma gəlir. Ayın 26-dan 27-ə keçən gecə gördümü ki, anası ilə qapıda dumuşduq. Gördük maşınla gəldi, qucaqladı. Qışqırıb ayıldım. Övlad itkisi adi bir şey deyil. Hər şey olacaq, amma Rövşən olmayacaq.
– Son baş verən təxribatlardan yəqin ki, xəbərdarsınız. Baş verənlər sizə nələri xatırlatdı?
– Rövşən və onun kimi mərd oğullar şəhid olmasaydı, alçaqların işğal etdiyi o müqəddəs torpaqlarımızı kim xilas edəcəkdi? Ölümsüz, itkisiz, şəhidsiz torpaq almaq olmur. Şərəfsiz ermənilər deyirdilər ki, “Qarabağa görə ayağa qalxsanız, gəlib Bakını alacağıq”.
Onlarının alçaq hərəkətlərini bütün dünya görürdü.
Bizim igidlərimiz onlara yerini göstərdi, onlar oğlanlarımızın qarşısında bir heç oldular. Müharibənin qanunları var. Əsgərlərimiz böyük güc və qüvvətlə mübarizə apardı. Son hadisələrdə də düşmənin başı əzildi. Layiqli cavablarını aldılar. Yenə etsələr, yenə alacaqlar.
Nəzrin Vahid
www.RIA24.az