“Bu gün Obuxov məhkəməsi baş tutmadı. Misir Qasımlı və Sübhan Quliyev məhkəməyə gətirilmədilər”.
Bunu Ukraynada həbsdə saxlanılan azərbaycanlı qazi, Vətən müharibəsinin iştirakçısı Misir Qasımlının vəkili Aygül Rəfiyeva Oxu.Az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, bu gün Ukrayna səfirliyinin qarşısında aksiya keçirilib:
“Azərbaycan Vətənpərvərlər Partiyası və Varis Şəhid Ailələri və Qazilərə Qayğı İctimai Birlikləri tərəfindən aksiya təşkil olundu. Bu, üçüncü belə aksiyadır. Bəyanat hazırlanmışdı. Aksiyanın sonunda Ukrayna səfirliyinin nümayəndələrinə bəyanat təqdim olunmalı idi. Lakin Ukrayna səfirliyinin nümayəndəsi qarşılarında şərt qoydu ki, “mən o halda çıxıb sənədi götürə bilərəm ki, media işçiləri olmasınlar”. Bu şərt qəbul olunmadı. Bəyanatdan imtina olundu”.
A.Rəfiyeva qeyd edib ki, işə baxılması süni şəkildə uzadılıb:
“18 may tarixli həbsin uzadılması haqqında qərar 27 sentyabr tarixində Kiyev Apellyasiya Məhkəməsi tərəfindən qanunsuz hesab olunub. Lakin Misir və Sübhan həbsdən azad olunmayıblar. Bununla bağlı qərarın dərhal hazırlanmasına baxmayaraq, bizə demişdilər ki, oktyabrın 3-ü səhər saat 10:00-da qərar hazır olacaq. Bu gün səhər saat 09:00-dan Misirin Ukraynadakı vəkili Kiyev Apellyasiya Məhkəməsinə getmişdi. Apellyasiya Məhkəməsi qərarın verilməsini uzatdı. Səbəb də o gətirildi ki, hakimlərdən biri qol çəkib, ikisi qalıb. Məhkəmə iclası ləğv olundu”.
Vəkil vaxtın qəsdən uzadıldığını əlavə edib:
“Misirin məhkəmədə iştirakı təmin olunmadı. Bu gün Obuxov məhkəməsi baş tutmadı. Onların qanunsuz saxlanılması ilə bağlı qərarı məhkəmə saat 14:00-da təqdim etdi. Qəsdən vaxt uzadıldı. Prosesi pozdular”.
Nəzrin Vahid
www.RIA24.az