Məlum üçtərəfli razılaşmaya əsasən bu gün – noyabrın 15-də Azərbaycan Respublikasının 27 ildən çox işğal altında qalmış Kəlbəcər rayonundan hərbi birləşmələrini tamamilə çıxarmalı olan ermənilər nəinki evləri, əmlakları yandırır, məzardakı ölülərinin qalıqlarını da çıxarıb aparırlar.
Bu haqda “Sputnik-Ermənistan” nəşrinin teleqram-kanalında məlumat yayılıb.
Buna səbəb kimi onların “düşmənlərin doğmalarının məzarlarını təhqir etməsini” istəməməsi göstərilir.
Ermənilər hələ, XX əsrin əvvəllərini demirik, yalnız 1988-1994-cü illərdə, o cümlədən işğal dövründə zəbt etdikləri Azərbaycan torpaqlarında soydaşlarımıza qarşı törətdikləri hədsiz-hüdudsuz vəhşilikləri, əksər məzarlıqlarımızdakı ölülərimizi də təhqirlərə məruz qoyaraq qəbirləri dağıtmalarını, hətta bütöv qəbiristanlıqları buldozerlərlə yer üzündən sildiklərini yaxşı bildiklərindən azərbaycanlıların da onlara, ölülərinə qarşı eyni cür davranacaqlarını düşünürlər. Amma gerçək budur ki, hələ bu günədək Bakıda, Gəncədə və s. erməni məzarları qorunub saxlanılır, hətta son illərdə dövlətimiz xaricdə yaşayan ermənilərin gəlib doğmalarının məzarlarını ziyarət etmələrinə də şərait yaradılıb…