Lənkəranda məmurların sabotajı

Region

Son vaxtlarda Lənkəranın müvafiq icra strukturları, sanki iflic olublar. Rayonda iqtisadi sabotaj baş alıb gedir.
Bir qrup məmur, vətəndaşın əlində Dövlət Reyestr Xidmətindən aldığı Çıxarış belə varsa, torpağı və torpağın üzərində olan evin sənədlərini saxtalaşdırıb başqasına satmaqla məşğuldur. Və yaxud, vətəndaşın əlində əmlakına dair yeni qaydalara uyğun Çıxarışı yoxdursa (yəni torpaq sahəsi vətəndaşa əvvəlki qanunlara əsasən verilib), bu zaman onun xəbəri olmadan belə əmlakı satılır. Bir müddət keçdikdən sonra vətəndaş əmlakına dair yeni Çıxarış almaq istərkən məlum olur ki, əmlakı heç onun adına deyil, başqa birisinin adınadır.
Bu gün məhkəmələrə müraciət edən yüzlərlə vətəndaş aciz durumdadır və işinə haqq qazandıran bir kimsə yoxdur. Çünki qrup şəklində fəaliyyət göstərən məmurlar insanlara haqqın ünvanına çatmasına mane olurlar.
Bu gün vicdanı olmayan bir qrup məmurun haqsızlığı ucbatından məhkəmələrdə yüzlərlə mülki işlə bağlı çəkişmələr var? Axı, nə üçün yüzlərlə insan bu şəxslərin haqsızlığı ucbatından maddi, mənəvi və psixoloji zərər görməlidir?
Gəlin, sifarişlə yerinə yetrilmiş bir işin müxanizmi və işdə iştirak edən məmurlarla yaxından tanış olaq. Hadisə Lənkəran rayonunun Kərgəlan kəndində baş verib. Ramin Ağayev adlı bir şəxs özü üçün obyekt açmaq istəyib. Obyekt evinin yaxınlığında olsun, deyə o, qonşusunun aralıqda yerləşən həyətindən torpaq sahəsi istəyib. Lakin qonşudan imtina cavabını alandan sonra, torpağı dolayı yolla ələ keçirtmək niyyətinə düşüb.
Bu məqsədlə Ramin Ağayev qohumu, Lənkəran Rayon İcra Hakimiyyətinin Kərgəlan kəndi üzrə İcra nümayəndəsi Nəzakət Heydərovadan kömək istəyib. Nəzakət Heydərova öz növbəsində, həmin kəndin 2017-ci ilə qədər bələdiyyə sədri olmuş Nizami Səfərova müraciət edərək, həmin torpaq sahəsinin ələ keçirməsini və Ramin Ağayevə satmasını xahiş edib. Nəzakət Heydərova və Nizami Səfərov torpaq sahəsi ilə bağlı bir neçə dəfə torpağın sahibinə (torpağın sahibi kiçik qardaşımdır) müraciət ediblər. Lakin o, torpağın onun deyil, rəhmətə getmiş qardaşı Fəttah Həsənova məxsus olduğunu söyləyib.
Beləliklə, torpağı ala bilməyən bələdiyyə sədri və kənd icra nümayəndəsi qanunsuz yola əl atıb və heç kəsin xəbəri olmadan həmin torpaq sahəsini Ağayev Raminə satıblar.
Bəs, necə olur ki, bu şəxslər sahibinin əlində torpaq şəhadətnaməsi olan həmin torpaq sahəsinə Dövlət Ərazi Reyestr Xödmətindən Çıxarış ala bilib və Ramin Ağayevə satıblar?
Rayonun Kərgəlan Bələdiyyə sədri Nizami Səfərov gizlicə həyətdən 0, 06, 8 torpaq sahəsini əvvəlcə Bələdiyyə torpağı kimi “qanuniləşdirib”, sonra isə Ramin Ağayevə satmışdır.
Ramin Ağayev bir müddət həmin yeri aldığını torpağın əsl sahibindən gizlədib və sahibi məsələdən iki il keçəndən sonra xəbər tutub. Məsələ təsadüf nəticəsində aşkarlananadan sonra Ramin Ağayev məcbur olub, torpağı pulla alması barədə sənəd təqdim edib.
Sənədə əsasən, məlum olub ki, həmin torpaq sahibinin rəhmətə getmiş qardaşının torpaq sahəsi, onunla sərhəd qonşusu olan digər böyük qardaşının torpaq sahəsi və üzərində evi olan əmlakının üzərinə sürüşdürülmüşdür. Halbuki, qardaşı Həsənov Rəzzaq Səyad oğlunun əmlakı 1976- cı ildə müvafiq sənədlərlə verilmiş və üzərində 1977- ci ildə qanuni tikilmiş yaşayış evi vardıır. Lakin sistemə otuzdurulmadığından Nəzakət Heydərova həmin qardaşa (Rəzzaq Həsənova) məxsus yerin və evin sənədsiz olduğunu düşünmüş və Həsənov Fəttaha məxsus torpaq sahəsinin sürüşdürülməsinə nail olmuşdur.
Burada sual meydana çıxır. Bəs, torpaq sahəsinin yerini Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yanında Lənkəran Rayonlararası Kadastr İdarəsində və Lənkəran Rayon İcra Hakimiyyətinin Torpaq və Xəritəçəkmə Şöbəsində kim dəyişib?
Məsələ ilə bağlı Lənkəran Rayon İcra Hakimiyyətinin Başçısı Taleh Qaraşova müraciət etdim. Lakin qəbuluna düşə bilmədim. Şikayətimin məzmununu bilən İcra başçısının müavini Xalid Rəhimov məni (yazının müəllifini), icra nümayəndəsi Nəzakət Heydərovanı və Ramın Ağayevi söhbətə çağırdı. Söhbət zamanı meydana məsələyə bağlı olmayan iki naməlum xəritə gətirdilər.
Mən orada Həsənov Fəttahın şəadətnaməsi olan torpaq sahəsinin sürüşdürülməsini və Həsənov Rəzzaq Səyad oğlunun sənədi olduğunu və torpağın 1976- cı ildə verildiyini və üzərində yaşayış evinin olduğunu söylədim. Bunu eşidən Xalid Rəhimov Nəzakət Heydərovaya qəzəbləndi və dedi ki, deyirdin o yerin sənədi yoxdur. Məni zibilə salırsan, get məsələni həll et.
Hələ ki, məsələ həllini tapmayıb, iş məhkəməyə verilsə də, məhkəmə yekun bir qərara gələ bilməmişdir. İki dəfə ekspertiza təyin olunsa da, ekspertiza sənədlərə göz yumur və saxta qərarlar təqdim edir.
Məlumat üçün bildirim ki, Xalid Rəhimov əvvəllər Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yanında Lənkəran Rayonlararası Kadastr İdarəsinin bu sahəyə baxan əməkdaşı olmuşdur.
Hazırda məhkəmə qərarı çıxarılmamış qalıb. Həsənov Rəzzaq Səyad oğlu da, ona məxsus əmlaka Çıxarış ala bilmir, çünki aidiyyatı orqanlar onun torpaq sahəsinin yerini təsbit etmək istəmirlər.
İndi özünüz nəticə çıxarın. Bütün bu hallar, məmurun vətəndaşa qarşı haqsızlıq etməsi, vətəndaşı sıxıntıya salması, ona maddi və mənəvi zərər vurması, əmlakını ələ keçirməsi, vətəndaşın Dövlətə olan inamını və etibarını sarsıtması sabotaj deyilmi?
“BİZİM TƏBİB” Qəzetinin baş redaktoru Şəfahət Həsənov

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir