
Alyaska görüşü Ukrayna üçün xüsusi əhəmiyyət kəsb edir. Çünki Ukraynada müharibənin dayandırılması bu görüşün əsas mövzusu olacaq.
Bunu “Report”un Şərqi Avropa bürosuna açıqlamasında Ukrayna Ali Radasının deputatı Oleksandr Qonçarenko ABŞ və Rusiya prezidentlərinin avqustun 15-da Alyaskada baş tutacaq görüşünü şərh edərkən deyib.
O qeyd edib ki, bu görüşün uğurla nəticələnəcəyinə dair Ukrayna tərəfinin müəyyən ümidləri var:
“Biz sülh istəyirik və mümkün qədər tez. Unutmayın ki, faktiki olaraq artıq 12 ildir müharibədəyik və bunun 3,5 ili tammiqyaslı işğaldır. Digər tərəfdən, ABŞ Prezidenti Donald Trampın razılaşa biləcəyi şərtlərin Ukraynaya uyğun olmayacağı ilə bağlı çox qorxular var. Bizim üçün “qırmızı xət”lər nədir? Birincisi, biz heç vaxt Ukraynanın işğal olunmuş ərazilərini Rusiya ərazisi kimi tanımayacağıq. Bəli, Rusiya, bəlkə də, onları nəzarətdə saxlayacaq bir müddət. Azərbaycanın onilliklər boyu işğal olunmuş əraziləri kimi. Amma gün gəldi və Azərbaycan öz torpaqlarını azad etdi. Bu, bizim üçün də prinsipial olaraq vacibdir.
İkincisi, biz heç vaxt Ukrayna suverenliyinin məhdudlaşdırılmasına razı olmayacağıq. Yəni, Ukraynanın hansı orduya sahib olacağı, hansı hərbi sənayeni inkişaf etdirəcəyi müstəqil seçim olmalıdır. Ukrayna Rusiyanın vassalı olmayacaq. Bu, mümkün deyil, qəbuledilməzdir”.
Deputat qeyd edib ki, Prezident Tramp hansısa ərazi mübadiləsindən danışır.
“Biz təfərrüatları bilmirik. Söhbət nədən gedir? Aydındır ki, elə ərazilər var, təkcə Ukraynanın deyil, bütün dünyanın təhlükəsizliyi üçün çox vacibdir. Bu, məsələn, Avropanın ən böyük atom elektrik stansiyası olan və hazırda işğal altındakı Zaporojye stansiyasıdır. Belə məsələləri Donald Trampın indi təşviq etdiyi sülh prosesi çərçivəsində həll etmək mümkün olsaydı, çox yaxşı olardı. Təkrar edirəm, Ukrayna sülh istəyir. Amma bu həqiqətən sülh olmalıdır, təslim olmaq yox”, – deyə O.Qonçarenko əlavə edib.