Cənub zonasında yaşayan Böyük Vətən müharibəsi veteranlarına ərzaq sovqatları paylanılıb – FOTO

Koronavirus (COVID-19) pandemiyasının Azərbaycanda yayılmasının qarşısının alınması üçün ölkə rəhbərliyi tərəfindən reallaşdırılan genişmiqyaslı tədbirlər çərçivəsində 245 nəfər müharibə veteranına iyulun əvvəlindən ərzaq yardımları paylanılır.
Aksiyanın məqsədi koronavirusun yayıldığı dövrdə yaşayışında çətinlik yaranan və ehtiyacı olan veteranlara dəstək göstərməkdir.
Aksiya çərçivəsində Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının, müvafiq rayon icra hakimiyyətlərinin və rayon veteranlar təşkilatlarının nümayəndələrinin iştirakı ilə Lənkəran, Masallı, Astara, Lerik, Yardımlı, Cəlilabad, həmçinin Salyan və Neftçalada yaşayan İkinci Dünya müharibəsi veteranlarına və onların ailələrinə ərzaq məhsullarından ibarət sovqatlar çatdırılıb.
Veteranlarla görüşlərdə ölkəmizdə tətbiq edilən xüsusi karantin rejiminə ciddi əməl olunmasının, zərurət yaranmadan digər şəxslərlə təmas qurulmamasının və virusun yayılmasının qarşısının alınmasına dəstək olacaq şəxsi gigiyenik qaydalara riayət edilməsinin vacibliyi vurğulanıb.
Çıxış edənlər Təşkilatın sədri general-polkovnik Tofiq Ağahüseynovun adından veteranları həmrəylik və xeyirxahlıq kimi mənəvi keyfiyyətlərin təcəssümünü tapdığı müqəddəs Qurban bayramı münasibətilə təbrik edib, onlara və ailələrinə cansağlığı, xoşbəxtlik arzulayıblar.
Respublika Veteranlar Təşkilatının nümayəndələri ilə görüşən rayon icra hakimiyyətlərinin rəhbər şəxsləri koronavirus pandemiyasının yayıldığı çətin dövrdə müharibə veteranları üçün başladılan yardım aksiyasını yüksək dəyərləndiriblər. Qurban bayramının insanları mərhəmətə və mənəvi saflığa ruhlandıran dəyərli adət-ənənələrimizdən biri olduğu qeyd edilib.
Xatırladaq ki, təşkilat “Evdə qal, həyatları xilas et!” çağırışı ilə veteranlara müraciət edərək, onları və əhalini vətəndaş məsuliyyəti nümayiş etdirməyə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tələblərinə ciddi riayət olunmasını tövsiyə edib. Bildirilib ki, Prezident İlham Əliyev hər bir veteranın Vətən qarşısındakı xidmətlərini daim yüksək qiymətləndirir. Koronavirus pandemiyasının bütün dünyanı bürüdüyü vaxtda dövlətimizin başçısı tərəfindən atılmış qabaqlayıcı addımlar nəticəsində ölkəmiz bu bəladan cüzi itkilərlə çıxmaq üzrədir.
Aksiya Təşkilatın sədri general-polkovnik Tofiq Ağahüseynovun təşəbbüsü ilə həyata keçirilir. “Biz birlikdə güclüyük!” çağırışına əsasən keçirilən aksiya Bakının rayonlarını da əhatə edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir