Paşinyan Rusiyanı hiddətləndirir: Məşhur aparıcı Ermənistana qəzəbləndi – ŞƏRH+VİDEO

Dünya Siyasət

Ermənistanın baş naziri Nikol Paşinyanın İkinci Dünya Müharibəsində qələbənin 75 illiyi şərəfinə təşkil olunan paradda iştirak etmək üçün Moskvaya getməməsindən sonra iki ölkə arasında münasibətlər daha da gərginləşib.

N.Paşinyan imtinasının səbəbini ölkədəki epidemioloji vəziyyətlə əlaqələndirsə də, görünür, Kreml bu “arqumenti” bəhanə kimi dəyərləndirir.

Ermənistanın hökumət başçısının müxtəlif bəhanələrlə Moskvaya səfərini ləğv etməsindən sonra Rusiyanın bu ölkəyə satdığı təbii qazın qiymətini artıracağı ilə bağlı məlumatlar informasiya resurslarında dövriyyədədir.

“Mavi yanacaq” amili Rusiyanın əlində Ermənistana qarşı energetika sahəsində əməkdaşlıqdan çox siyasi təzyiq vasitəsidir.

Ermənistanın Rusiyanın patronajı altında olan qurumların – Avrasiya İqtisadi Birliyinin və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olmasına baxmayaraq, Paşinyanın hakimiyyəti dövründə iki ölkə arasında münasibətlər uçuruma yuvarlanır.

Paşinyan hakimiyyətinin bulanıq suda balıq tutmaq cəhdləri isə fayda vermir, hər dəfə fiasko ilə nəticələnir. Söhbət onun siyasətini həm Qərb, həm də Rusiya əqrəbləri ilə tutuşdurmaq cəhdlərinin boşa çıxmasından gedir.

Moskva səfərindən imtinadan sonra Ermənistanın növbəti dəfə təbii qazla sınağa çəkilməsi isə Yerevanı labirintə salır.

Bir sözlə, Paşinyan hökumətinin Moskvadakı parada etinasız yanaşması Rusiyanı “qaza gətirib” və Ermənistanın bu qazın “alovları” altında qovrulmasını proqnozlaşdırmaq olar.

Xatırlatmaq yerinə düşər ki, Rusiyanın Ermənistana tədarük etdiyi qazın qiyməti Avropada olduğundan iki dəfəyə yaxın bahadır.

2020-ci ilin ilk rübünə olan məlumata görə, Avropaya sərhəddə nəql edilən Rusiya qazının orta qiyməti hər 1000 kubmetr üçün təxminən 87 dollar təşkil edir. Ermənistanla sərhəddə isə qiymət 165 dollardır.

Əslində, Rusiyanın Paşinyanın Moskvaya gəlməməsinə qəzəblənməsinə səbəblər var. Çünki Ermənistan heç ikinci şəxs qismində də paradda təmsil olunmadı.

Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin politologiya departamentinin dosenti Gevorq Mirzoyan “Vestnik Kavkaza” portalına müsahibəsində deyib ki, Paşinyanın Moskva səfərindən imtinası Yerevanın növbəti səhv addımıdır.

Onun sözlərinə görə, Ermənistan paradda KTMT və Avrasiya İttifaqının təkcə dövlət başçısı səviyyəsində deyil, eyni zamanda ikinci şəxs səviyyəsində təmsil olunmayan yeganə ölkəsinə çevrildi.

“Məsələn, Paşinyan özü olmasaydı, Ermənistanın prezidenti Armen Sarkisyan həmin parada gedə bilərdi. Prinsipcə, buraxılan səhv Rusiya-Ermənistan münasibətlərinin kəskinləşməsində, Moskvanın Paşinyana və onun siyasətinə münasibətdə səbir kasasının daşması üçün sonuncu damla ola bilər”, – deyə, G.Mirzoyan bildirib.  

Ermənistan həmişə Rusiyanın geosiyasi təftişçilik siyasətinin mərkəzinə çevrilib, Paşinyan hakimiyyətə gəldikdən sonra isə Moskvaya qarşı ritorikanı tətikləməsi Kremli Yerevana tuşlanan “oxların” ucunu yenidən itiləməyə vadar edir.

Paşinyan açıq şəkildə Rusiyaya qarşı mübarizəyə cəsarət etmir, yalnız müxtəlif media platformalarındakı materiallarda baş nazirin Moskvaya münasibətinin ifadəsi bəyan olunur.

Lakin Paşinyanın qarşısında sipər kimi dayanan daha bir qüvvə var – bu da səfir Sergey Kopırkindir. Rusiyanın Ermənistandakı səfiri S.Kopırkinin Moskvanın ölkədəki yumşaq güc siyasətini diktə edir. Bu yumşaq güc isə Kremlin Yerevana münasibətdə üstün diplomatik və siyasi xəbərdarlıqları özündə cəmləşdirən ümumi bəyanıdır.

S.Kopırkinin simasında yumşaq gücün Ermənistanın müxalifət partiyalarının nümayəndələri ilə görüş keçirməsi də Paşinyana növbəti siqnaldır.

Bundan əvvəl isə səfirlik Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsinin yeni mərhələsi olan, Rusiya telekanallarının ölkədə yayımını əngəlləməyi nəzərdə tutan yeni qanun layihəsinə etiraz etmişdi.

İki ölkənin bir-birinə qarşı kəskinləşən mübarizəsi informasiya platformalarında daha amansız xarakter alır.

Ermənistanın İctimai Televiziyasında Rusiya Prezidenti Vladimir Putinin apardığı Konstitusiya islahatları fonunda yayımlanan reportaj isə odun üstünə benzin töküb.

Belə ki, reportajda Rusiyadakı Konstitusiya düzəlişləri barədə müxalifətçi Aleksey Navalnının fikirlərinə yer verilməsindən sonra həngamə qopub.

Kremlin siyasətinin təbliğatının media məkanındakı məşhur siması, teleaparıcı Vladimir Solovyov efir zamanı deyib ki, Rusiya Ermənistanı özünə dost ölkə hesab edir. V.Solovyov bununla belə, Ermənistanın adekvat davranmadığına işarə edib:

“Ermənistanın İctimai Televiziyası Rusiyadakı Konstitusiya düzəlişləri çərçivəsində yayımladığı reportajda faşist Navalnının fikirlərinə yer verib. Halbuki, o, ermənilərə nifrət edir. Siz, İctimai Televiziya, onun şərhlərinə yer verməməli idiniz”.

İki ölkə arasında gərginləşən münasibətlər daha çox Paşinyan və onun komandasına qarşı yönələcək.

Görünür, Paşinyan Rusiya ilə bağlı siyasətində Kremlin maraqları naminə redaktələr etməsə, başı daha çox ağrıyacaq.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir